Marta Kos Cənubi Qafqazda sülh layihəsinə rəhbərlik etdiyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib
- 14 fevral, 2026
- 18:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos Cənubi Qafqazda sülh prosesinin idarə edilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib.
"Report" xəbər verir ki, Marta Kos bunu Münxen Təhlükəsizlik Konfransında bildirib.
"Mən Prezident Əliyevə Avropa İttifaqı tərəfindən fəal şəkildə dəstəklənən sülh prosesindəki liderliyinə görə təşəkkür edirəm", - Kos bildirib.
O qeyd edib ki, Cənubi Qafqazda böyük dəyişikliklər baş verir və onlar sülh olmadan qeyri-mümkün olardı.
"Təsəvvür edin: sərhədlər bağlı idi, ticarət yox idi, keçidlər ya mövcud deyildi, ya da fəaliyyət göstərmirdi. İndi isə çox qısa müddət ərzində hər şey hərəkətə gəlməyə başlayır. Mən özüm Sloveniyadanam. Biz Birinci və İkinci Dünya müharibələrində münaqişələr yaşamışıq və qonşularla barışığa gəlmək üçün bizə 70 il lazım olub. Bəli, hələ hər şey tamamlanmayıb, amma proses gedir. Əsas məsələ hər iki tərəfdən siyasi iradədir. Məhz o, bir çox kanalları, o cümlədən Avropa ilə əməkdaşlıq kanallarını açıb", - Kos söyləyib.