Markov: Şuşa Media Forumu qalib ölkənin liderinin fikrini eşitmək üçün unikal fürsətdir
- 19 iyul, 2025
- 13:40
Yeniliklərdən dərhal xəbərdar olun!
III Şuşa Qlobal Media Forumu qalib ölkənin lideri, Azərbaycan Prezidenti İlham Əliyevin fikrini eşitmək və dünyanın bir çox ölkəsindən olan həmkarlarla ünsiyyət qurmaq üçün unikal fürsətdir.
“Report”un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu rusiyalı politoloq, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov jurnalistlərə açıqlamasında bildirib.
Politoloq qeyd edib ki, III Şuşa Qlobal Media Forumundan bir sıra gözləntiləri var, lakin o, xüsusi diqqəti Azərbaycan Prezidenti İlham Əliyevin gözlənilən çıxışına yönəldir.
"Prezident İlham Əliyev, şübhəsiz, müasir dövrün ən təcrübəli liderlərindən biridir. O, qalib ölkəyə rəhbərlik edir. Dünyada müharibədə qələbə qazanan, ərazi bütövlüyünü tam bərpa edən o qədər də çox dövlət yoxdur. Bir çox dünya liderləri bu qələbənin sirrini anlamaq və bu təcrübəni mənimsəmək istəyərdilər. Biz də Prezidentə bu sualları vermək istəyirik. O isə, məlum olduğu kimi, çox müdrik, savadlı rəhbərdir. Buna görə də biz böyük maraq və hörmətlə onunla dialoqu gözləyirik", - rusiyalı politoloq vurğulayıb.
S.Markovun sözlərinə görə, forum həmçinin media nümayəndələri arasında fikir mübadiləsi üçün əhəmiyyətli platformadır:
"Bu qlobal media forumunda həqiqətən maraqlı insanlar toplaşır. Məsələn, ötən forumda məni bir səsvermə təəccübləndirdi - iştirakçılara hansı məlumat mənbələrindən daha çox istifadə etdikləri barədə sual verildi. Mən əmin idim ki, teleqram kanalları ən aktiv şəkildə Rusiyada istifadə olunur. Lakin məlum oldu ki, müxtəlif ölkələrdən olan jurnalist və ekspertlərin təxminən 70 %-i də ilk növbədə teleqrama üstünlük verirlər. Bu, teleqramın media sahəsindəki əksər peşəkarlar üçün əsas məlumat mənbəyinə çevrildiyini göstərir".