Li Tszyunxua: Azərbaycan dövlət xidmətlərinin inkişafına əhəmiyyətli töhfə verib

Xarici siyasət
  • 05 noyabr, 2026
  • 10:36
Li Tszyunxua: Azərbaycan dövlət xidmətlərinin inkişafına əhəmiyyətli töhfə verib

Azərbaycan inkişaf etməkdə olan ölkələrdə dövlət xidmətlərinin inkişafına və dövlət idarəçiliyi potensialının gücləndirilməsinə əhəmiyyətli töhfə verib.

"Report" xəbər verir ki, bu barədə BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Tszyunxua Bakıda keçirilən "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" mövzusunda sammitdə deyib.

"ASAN xidmət modeli dövlət idarəçiliyi sahəsində innovativ dəyişikliklərin əsas nümunələrindən biridir", - o qeyd edib.

Baş katibin müavini əlavə edib ki, keyfiyyətə, əlçatanlığa və innovasiyalara prioritet diqqət yetirilməsi sayəsində bu model dövlət orqanlarının vətəndaşlarla qarşılıqlı əlaqəsinə, etimadın möhkəmləndirilməsinə və onların ehtiyaclarının ödənilməsinə olan yanaşmanı dəyişdirib.

O qeyd edib ki, beynəlxalq ictimaiyyət "ASAN xidmət" modelinin uğurunu qəbul edib, o cümlədən Azərbaycanı dövlət idarəçiliyi sahəsində BMT mükafatlarına layiq görüb.

Baş katibin müavini həmçinin inkişaf etməkdə olan ölkələrdə dövlət idarəçiliyi potensialının gücləndirilməsinə və dövlət xidmətlərinin təqdim edilməsinin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüslərə göstərdiyi daimi dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.