Kürşad Zorlu: Ankara Zirvəsi Türk dünyasının strateji hədəflərini bir araya gətirəcək

Xarici siyasət
  • 26 oktyabr, 2026
  • 13:36
Kürşad Zorlu: Ankara Zirvəsi Türk dünyasının strateji hədəflərini bir araya gətirəcək

Ankara Zirvəsi Türk dünyasının strateji hədəflərini bir araya gətirəcək, ortaq gələcəyin yol xəritəsini müəyyənləşdirəcək.

"Report"un Türkiyə bürosu xəbər verir ki, bunu AK Partiyanın Türk Dövlətləri ilə Əlaqələr üzrə sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Kürşad Zorlu oktyabrın 29-30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvəsi ilə bağlı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, oktyabrın 29-da TDT Xarici İşlər Nazirləri Şurasının iclası, oktyabrın 30-da isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Dövlət Başçıları Zirvəsi keçiriləcək.

Kürşad Zorlu qeyd edib ki, Türk dövlətlərinin ümumi milli gəliri 2025-ci ildə təxminən 2,5 trilyon dollara çatıb. Türkiyənin TDT-yə üzv və müşahidəçi ölkələrlə ticarət dövriyyəsi isə 26,9 milyard dollar təşkil edib.

Deputat Orta Dəhlizin Türk dünyasının iqtisadi inteqrasiyası baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Çin, Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut üzrə daşınan yüklərin həcmi 2022-ci ildəki 1,7 milyon tondan 2025-ci ildə 4,1 milyon tona yüksəlib.

Zirvə çərçivəsində ortaq muzey kartının tətbiqi, hava limanlarında Türk dövlətlərinin vətəndaşları üçün ümumi xidmət məntəqələrinin yaradılması, futbol sahəsində əməkdaşlığın genişləndirilməsi və ortaq elektron ticarət platformasının qurulması məsələlərinin də müzakirə olunacağı bildirilib.

Bundan başqa, oktyabrın 30-da Türk Dünyası Qadın Diplomatiya Forumunun keçiriləcəyi, Türk dövlətləri arasında "Qadın və Ailə Şurası"nın yaradılması ilə bağlı hazırlıqların isə son mərhələyə çatdığı qeyd olunub.

Zirvə çərçivəsində oktyabrın 29-da Ankarada Türk dövlətlərinin tarixi və mədəni irsini əks etdirən tədbirlər və rəsmi qəbul təşkil ediləcək.

44 filmi