İtaliya, Avropa Komissiyası və BMT nümayəndələri Azərbaycanın minatəmizləmə təcrübəsi haqqında danışıb

Xarici siyasət
  • 02 sentyabr, 2026
  • 14:48
İtaliya, Avropa Komissiyası və BMT nümayəndələri Azərbaycanın minatəmizləmə təcrübəsi haqqında danışıb

Azərbaycan minalardan təmizləmə məsələsinin BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin müzakirə gündəliyinə daxil edilməsini təşviq edir.

"Report" xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin humanitar məsələlər üzrə direktoru Canluka Brusko IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində keçirilən panel müzakirədə bildirib.

"Azərbaycan minalardan təmizləmə ilə iqlim dayanıqlığı arasındakı qarşılıqlı əlaqə məsələsini qaldırır, həmçinin şəhər ərazilərinin bərpası kontekstində inkişaf və minalardan təmizləmə prosesləri arasındakı əlaqəyə diqqət yetirir", - o vurğulayıb.

Brusko həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş səylərə diqqət çəkərək, dünya ictimaiyyəti tərəfindən bu prosesə praktiki dəstək göstərilməsinin zəruriliyini qeyd edib.

Avropa Komissiyasının Xarici Siyasət Alətləri Xidmətinin regional proqram rəhbəri Arturo Rodriges Tonelli isə həm milli, həm də beynəlxalq səviyyələrdə minatəmizləmə fəaliyyətinin inkişafında Azərbaycanın və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) lider rolunu xüsusi vurğulayıb.

"Azərbaycan təcrübəsi inandırıcı şəkildə göstərir ki, minatəmizləmə fəaliyyəti yalnız partlayış təhlükəsi olan təhdidlərin aradan qaldırılması deyil. Söhbət həm də insanların öz evlərinə təhlükəsiz qayıdışı üçün şəraitin təmin edilməsindən, torpaq resurslarına və infrastruktur obyektlərinə çıxışın bərpa olunmasından, eləcə də bərpa və inkişaf üçün şəraitin yaradılmasından gedir", - Tonelli deyib.

O vurğulayıb ki, beynəlxalq yardım milli prioritetlər nəzərə alınmaqla qurulmalı və ölkələrin minatəmizləmə fəaliyyəti sahəsində öz potensialının gücləndirilməsinə yönəldilməlidir.

BMT-nin Layihələrə Xidmətləri İdarəsinin (UNOPS) Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Tim Lardner isə uzunmüddətli beynəlxalq tərəfdaşlığın və əlaqələndirilmiş donor yardımının qurulmasının zəruriliyini qeyd edib.

Onun sözlərinə görə, minatəmizləmə fəaliyyəti sahəsində potensialın inkişafı vaxt və uzunmüddətli tərəfdaşlıq tələb edir. O həmçinin beynəlxalq tərəfdaşlar və donorlar arasında koordinasiyanın vacibliyini vurğulayaraq minatəmizləmə fəaliyyətinin bərpa və inkişafın daha geniş prioritetləri ilə əlaqələndirilməli olduğunu qeyd edib.