"İnsanların mina qurbanına çevrilməsi Ermənistanın terrorçu siyasətinin növbəti təzahürüdür"

Xarici siyasət
  • 02 avqust, 2022
  • 13:39
İnsanların mina qurbanına çevrilməsi Ermənistanın terrorçu siyasətinin növbəti təzahürüdür

"Bu gün yerli minatəmizləmə şirkətinin əməkdaşları Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşüblər. Xidməti vəzifələrini yerinə yetirən şəxslərin mina qurbanına çevrilməsi Ermənistanın terrorçu siyasətinin növbəti təzahürüdür".

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

O vurğulayıb ki, Ermənistanın hərbi cinayətlərinin sayı-hesabı yoxdur: "Bu cinayətlər sırasında ərazilərin minalanması da əsas yerlərdən birini tutur. 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunub. Ermənistan tərəfindən hərbi işğal dövründə Qarabağ torpaqlarının dağıntılara məruz qalması və minaların basdırılması keçmiş məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıtmasına çox böyük əngəl yaradır. Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, verilmiş xəritələrin dəqiqliyi isə 25 faizdən də aşağıdır. Bu gün sülh müqaviləsindən boyun qaçıran, bütün sülh təşəbbüslərini sabotaj edən Ermənistan regionda təhlükəsizliyi təhdid edən ölkə olaraq qalır. Bu ölkə müharibədə ağır məğlubiyyətə uğramağına baxmayaraq, yenə də öz terrorçu mahiyyətindən əl çəkmir”.

Deputat bildirib ki, beynəlxalq təşkilatlar, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar: "Onlar bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər etməlidirlər. Çünki müharibənin bitməsindən 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, yüzlərlə insan mina qurbanı olub. Minaların qurbanları isə daha çox dinc sakinlərdir. Bu, bir daha sübut edir ki, döyüş meydanında məğlub olan Ermənistan dinc sakinlərə qarşı müharibəni davam etdirir. Ona görə də beynəlxalq ictimaiyyət minalarla bağlı məsələdə Ermənistana ciddi təzyiqlər göstərməlidir”.

44 filmi