İlham Əliyevin Davosda iştirakı Azərbaycanın iqtisadi və siyasi gündəlikdə fəal aktor kimi çıxışının nümayişidir - RƏY

Xarici siyasət
  • 21 yanvar, 2026
  • 15:08
İlham Əliyevin Davosda iştirakı Azərbaycanın iqtisadi və siyasi gündəlikdə fəal aktor kimi çıxışının nümayişidir - RƏY

Azərbaycan Prezidenti İlham Əliyevin Davos Forumunda iştirakı ölkənin qlobal iqtisadi və siyasi gündəlikdə fəal aktor kimi çıxış etdiyini bir daha nümayiş etdirir.

Bunu "Report"a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Davos Ümumdünya İqtisadi Forumunda iştirakı və çıxışı bir daha nümayiş etdirdi ki, Azərbaycan sülh prosesində məsuliyyətli və ardıcıl mövqedən çıxış edir:

"Dövlət başçısının çıxışı zamanı səsləndirdiyi fikirlərdə rasional və gələcəyə hesablanmış yanaşma nümayiş olundu. Forumda Prezident İlham Əliyevin iştirakı bir daha sübut etdi ki, Azərbaycan regional və qlobal proseslərin mühüm aktoru olaraq diqqət mərkəzindədir. Sülh gündəliyi, regional əməkdaşlıq və iqtisadi inteqrasiya kimi mövzular Azərbaycanın təşəbbüsləri ilə formalaşır və beynəlxalq səviyyədə qəbul olunur. Azərbaycanın Davos forumunda iştirakı ölkənin beynəlxalq nüfuzunu və etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyən mühüm məqamdır. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri və dayanıqlı inkişaf kimi mövzuların qlobal gündəmdə önə çıxdığı bir dövrdə Azərbaycanın mövqeyi və iştirakı bu platformada əvəzsiz rol oynayır".

Şərhçi vurğulayıb ki, Ermənistan Prezidentinin Davosdakı nikbin çıxışı, gələcək əməkdaşlıqdan danışması da Azərbaycanın yaratdığı yeni siyasi mühitin nəticəsidir.

"Ermənistan rəhbərliyinin müsbət ritorikadan istifadə etməsi, Azərbaycanın prinsipial və qətiyyətli siyasətinin məntiqi nəticəsidir", - deyə o əlavə edib.

Onun fikrincə, budəfəki Davos forumu çərçivəsində İlham Əliyevin dünya miqyasında tanınmış nəqliyyat-logistika, enerji, maliyyə və sənaye şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər, aparılan müzakirələr Azərbaycanın beynəlxalq siyasi, iqtisadi əlaqələrinin genişliyini və dərinliyini bir daha sərgiləmiş olur:

"Bu görüşlərdə ölkənin əlverişli coğrafi mövqeyi, inkişaf etmiş infrastruktur imkanları və stabil iqtisadi mühiti xüsusi vurğulanır. Xüsusilə bərpa olunan enerji sahəsində aparılan danışıqlar Azərbaycanın yaşıl enerji strategiyasının beynəlxalq səviyyədə dəstək gördüyünü göstərir. Külək və digər alternativ enerji layihələri üzrə əməkdaşlıq perspektivləri Azərbaycanın enerji siyasətinin gələcəyə hesablanmış dayanıqlı modelə söykəndiyini nümayiş etdirir. İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı ölkənin qlobal iqtisadi və siyasi gündəlikdə fəal aktor kimi çıxış etdiyini bir daha nümayiş etdirir".

Ü.Zülfiqar forumda qurulan əlaqələr və aparılan müzakirələrin Azərbaycanın beynəlxalq nüfuzunu nümayiş etdirməklə yanaşı, qlobal aktorlar üçün də Azərbaycanla yeni əməkdaşlıq imkanları yaratmasına, qarşılıqlı dayanıqlı inkişaf strategiyasına xidmət edən uzunmüddətli nəticələr vəd etdiyinə diqqət çəkib.