ICMP: DNT texnologiyalarının tətbiqi itkin şəxslərin identifikasiyasını mümkün edib
- 07 oktyabr, 2026
- 10:36
Yeniliklərdən dərhal xəbərdar olun!
DNT-nin istifadəsi xeyli sayda itkin düşmüş şəxsin kimliyinin müəyyənləşdirilməsində ən mühüm nailiyyətlərdən biri olub.
"Report" xəbər verir ki, bunu İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Ketrin Bomberger "Bakı dialoqu" çərçivəsində itkin düşmüş şəxslərə dair beynəlxalq konfransda bəyan edib.
"Keçmiş Yuqoslaviyadakı müharibələrdən sonra ICMP yaradılan zaman itkin düşənlərin sayı 40 min nəfər idi. Ənənəvi identifikasiya üsulları kifayət etmirdi", - o deyib.
Bombergerin sözlərinə görə, Qərbi Balkanların təcrübəsi DNT texnologiyalarının tətbiqinin effektivliyini göstərib. İtkin düşmüş şəxslərin qohumlarının genetik nümunələrinin aşkar edilmiş qalıqlardan alınan DNT ilə müqayisə edilməsi çox sayda itkin düşmüş şəxsin kimliyini müəyyənləşdirməyə imkan verib.
K.Bomberger qeyd edib ki, DNT itkin düşmüş şəxsin kimliyini müəyyən etməyə imkan verir, lakin özlüyündə onun başına nə gəldiyi barədə suala cavab vermir. Bunun üçün səlahiyyətli institutların diqqətlə toplamalı, sənədləşdirməli və təhlil etməli olduğu istintaq və məhkəmə-tibbi məlumatlar lazımdır.
O, həmçinin silahlı münaqişələr, təbii fəlakətlər, miqrasiya böhranları və qlobal istiləşmə fonunda dünyada itkin düşənlərin sayının artmasına diqqət çəkib.
K.Bomberger bildirib ki, onilliklər ərzində itkin düşənlərin taleyi barədə cavabların olmaması onların ailələri və cəmiyyət üçün ağır sınaq olaraq qalır.