Gürcü analitik: Azərbaycan Cənubi Qafqazda sülh və iqtisadi inkişaf üçün mühüm addımlar atır

Xarici siyasət
  • 12 avqust, 2026
  • 13:21
Gürcü analitik: Azərbaycan Cənubi Qafqazda sülh və iqtisadi inkişaf üçün mühüm addımlar atır

Azərbaycan Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması, eləcə də iqtisadi və enerji perspektivlərinin gücləndirilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürüb.

Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında gürcüstanlı analitik və professor, "Vahid Neytral Gürcüstan" partiyasının regional katibi Levan Nikoleişvili bildirib.

Onun sözlərinə görə, xüsusilə Prezident İlham Əliyevin təşəbbüsləri ilə həyata keçirilən bu proseslər təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz ölkələri üçün əlverişli imkanlar yaradır.

"Qarabağ müharibəsi başa çatdıqdan sonra, demək olar ki, Azərbaycanın rəhbərliyi ilə Cənubi Qafqazda, birincisi, sülhün bərqərar olması, ikincisi isə iqtisadi və enerji perspektivlərinin daha da gücləndirilməsi istiqamətində çox böyük addımlar atılıb. Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə Qafqaz ölkələri üçün əlverişlidir. Hətta yalnız Qafqaz ölkələri deyil, dünyanın bir çox dövlətləri, o cümlədən Avropa ölkələri də Azərbaycanın malik olduğu perspektivlərdə maraqlıdır", - deyə o qeyd edib.

Analitik Azərbaycanın Gürcüstana göstərdiyi dəstəyin ölkədə yüksək qiymətləndirildiyini də deyib:

"Təbii ki, Azərbaycanın Gürcüstana göstərdiyi dəstəyi ölkənin siyasi elitası, cəmiyyəti və xalqı heç vaxt unutmayacaq. Əksinə, Azərbaycanla Gürcüstan arasındakı münasibətlərin daha da gücləndirilməsinə hər zaman töhfə veriləcək. Xüsusilə, ona görə ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsləri sülhə və iqtisadi inkişafın yüksəlişinə xidmət edir".

L.Nikoleişvili TRIPP layihəsinin regionun nəqliyyat və iqtisadi imkanlarına təsirindən də danışıb. Onun sözlərinə görə, layihə hələ ilkin mərhələsindədir:

"Bəzi inzanlar bu layihənin Gürcüstanın tranzit dəhlizinə rəqib ola biləcəyini düşünürlər. Biz isə hesab edirik ki, rəqabətli mühit o qədər də pis deyil. Əksinə, bu, iqtisadi inkişafın təmin olunmasına töhfə verə bilər. Yeni nəqliyyat və enerji layihələri regionda iqtisadi inkişafla yanaşı, sülh və sabitliyin möhkəmləndirilməsinə də töhfə verə bilər".