Ekspert: “İmzalanan sənədlər Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı üçün vacibdir”
- 12 aprel, 2023
- 07:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri zamanı imzalanmış memorandumlar, eləcə də "Ali Dövlətlərarası Şuranın yaradılması haqqında Protokol" iki qardaş dövlət və xalq arasında ikitərəfli münasibətlərin inkişafı baxımından əvəzsiz əhəmiyyətə malikdir.
Bunu "Report"a açıqlamasında Qazaxıstanın "Avrasiya Monitorinqi" Analitik Araşdırmalar Mərkəzinin direktoru Alibek Tajibayev deyib.
"Ölkələrimiz arasında hökumətlər səviyyəsində gələcək konstruktiv dialoqun qurulması üçün zəmin formalaşıb. Artıq biznes və vətəndaş cəmiyyəti mühitində formalaşan təşəbbüslər daha çox dəstək alacaq və konkret razılaşmalara əsaslanacaq", - o vurğulayıb.
A.Tajibayevin sözlərinə görə, xalqların vahid türk mənşəyinə malik olması Azərbaycan-Qazaxıstan birliyinin ayrılmaz hissəsi olub və bundan sonra da olacaq.
Onun fikrincə, Türk dövlətləri arasında Azərbaycan və Qazaxıstan istisnasız olaraq bütün sahələr üzrə lider mövqelərə malikdir: "Ölkələrimiz arasında daha sıx əməkdaşlıq, şübhəsiz ki, türk dövlətləri arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcək".
Ekspert hesab edir ki, bundan başqa, görüş zamanı prezidentlərin də müzakirə etdiyi neft tədarükü sahəsində nəqliyyat və logistika imkanlarının şaxələndirilməsi iki ölkə üçün böyük strateji əhəmiyyət kəsb edir.
“Böyük Avrasiyanın bütün ölkələrinin, o cümlədən Çin və Rusiyanin enerjidaşıyıcıları sərbəst nəql etməsinə imkan yaratmaq, eləcə də ölkələrimizin və tərəfdaşlarımızın geosiyasi turbulentlik kontekstində üzləşdiyi xarici amillərdən asılılığını minimuma endirmək üçün "Orta Dəhliz"in inkişafına investisiyaları artırmaq lazımdır", - A.Tajibayev fikrini tamamlayıb.
Xatırladaq ki, aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana rəsmi səfər edib. Səfər çərçivəsində bir sıra sənədlər imzalanıb.