Dunya Miyatoviç: "Azərbaycan rəhbərliyi media azadlığına və insan haqqlarına həssaslıqla yanaşır"

Xarici siyasət
  • 11 noyabr, 2017
  • 13:03
Dunya Miyatoviç: Azərbaycan rəhbərliyi media azadlığına və insan haqqlarına həssaslıqla yanaşır

Bakı. 11 noyabr. REPORT.AZ/ Sloveniyanın paytaxtı Lyublyana şəhərində NATO Parlament Assambleyasının 96-cı Rouz-Rout seminarı keçirilib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı "Report"a açıqlamasında deyib ki, ATƏT-in media azadlığı üzrə keçmiş xüsusi nümayəndəsi, beynəlxalq media va insan haqqları üzrə ekspert Dunya Miyatoviç seminarda "Qərbi Balkanlarda azad medianın çağırışları" adlı təqdimatla çıxış edib.

Sabiq xüsusi nümayəndə qeyd edib ki, keçid dövrü yaşayan ölkələrdə, keçmiş sovet respublikalarında, inkişaf etməkdə olan ölkələrdə, xüsusilə də Qərbi Balkanlarda azad media və insan haqqları sahəsindəki durum, problemlər, narahatlıqlar və çağırışlar haqqında ətraflı məlumat verib. D.Miyatoviç bəzi ölkələrdəki mürəkkəb vəziyyətə toxunub, media azadlığı və insan haqqlarına görə bu ölkələrdə hökümətlərin fəaliyyətini və onların bu sahədə həyata keçirdiyi siyasəti tənqid edib.

Sonra müzakirələr başlayıb. Tənqid olunan ölkələrin təmsilçiləri bu problemlərin keçid dövründən qaynaqlandığını, hələ də totalitar rejimin, sovet ideologiyasının təsiri ilə izah etməyə çalışıblar.

Dunya Miyatoviç onlara cavabında deyib ki, totalitar rejimdə yaşamış və hazırda inkişaf etməkdə olan ölkələrdə və cəmiyyətlərdə belə problemlərin olduğunu anlamaq olar: "Amma həmin ölkələrdə hökümətin və dövlətin yüksək vəzifəli rəsmilərinin media azadlığını və insan haqqlarını çox ciddi formada məhdudlaşdırılmasındakı rolu qəbulolunmazdı. Mən bu ölkələrdə səfərdə olarkən hətta müxtəlif bəhanələrlə mənim monitorinq aparmağıma məhdudiyyətlər yaradırdılar. Bəzi ölkələrdə hökümət rəsmiləri mənimlə görüşməmək üçün bəhanələr uyduraraq problemlərdən yayınmağa çalışırdılar. Özüm bütün bunların şahidi olmuşam".

ATƏT-in keçmiş xüsusi nümayəndəsi Azərbaycan barədə də fikirlərini bölüşüb: "Mən Azərbaycanda monitorinq apararkən bu məsələ ilə bağlı hökümət rəsmiləri ilə çox asanlıqla görüşərək müzakirələr apara bilirdim. Azərbaycan Prezidenti İlham Əliyev azad medianın bügünkü vəziyyətinə və insan haqqları ilə bağlı problemlərə diqqətlə yanaşırdı. Bunun sayəsində biz Azərbaycanda hətta həbsxanalarda heç bir məhdudiyyət olmadan monitorinq aparırdıq. Bakıda olarkən Prezidentin İctimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla da çox rahat şəkildə görüşə və Azərbaycanda mətbuat azadlığının durumunu və problemlərini müzakirə edə bilirdik. Bununla gördük ki, həqiqətən də, Azərbaycan rəhbərliyi, hökümət rəsmiləri media azadlığına və insan haqqlarına həssaslıqla yanaşırlar".

44 filmi