"Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələr məhsuldar və hər iki tərəf üçün faydalı xarakter daşıyır"
- 21 fevral, 2022
- 12:27
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Müzakirə edilən və səsləndirilən mövqelər Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin getdikcə məhsuldar və hər iki tərəf üçün faydalı olduğunu göstərir".
Bunu "Report"a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan parlamentinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamran Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında çox gözəl siyasi dialoq ənənəsi yaranıb:
"Bu xüsusda ötən ilin dekabrın 13-də Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Brüsselə səfərini, 2021-ci ilin dekabrın 14-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak etməsini, toplantıda Azərbaycan-NATO əməkdaşlığı və praktiki müstəvidə əməkdaşlığın inkişafı, Alyansın Əfqanıstanda keçirilən "Qətiyyətli dəstək" missiyasına ölkəmizin töhfəsi, Azərbaycanla NATO arasında planlaşdırma analiz prosesi və digər proqramlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini, həmçinin Azərbaycanın Avropanın enerji təchizatında rolunu, regional proseslər barədə ətraflı fikir mübadiləsinin aparılmasını qeyd etmək olar. Ümumiyyətlə postmünaqişə dövründən etibarən Avropa İttifaqının Azərbaycana qarşı münasibəti çox dəyişib və əməkdaşlığa da böyük maraq göstərilir. Bu yöndə mən xüsusilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səylərini qiymətləndirmək istərdim. Çünki bir çox məsələlərdə, o cümlədən postmüharibə dövründə regionda sülhün və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində Avropa İttifaqı çox böyük səylər göstərir. Bu bir daha onu göstərir ki, Şarl Mişel Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına önəmli dəstək verir. Həmin dəstək sözdə yox, əməldə də özünü göstərir".
Deputat vurğulayıb ki, Avropa İttifaqı ərazilərin minalardan təmizlənməsi prosesində Azərbaycana dəstək verəcəyinə söz verib: "Eyni zamanda Azərbaycanda müvafiq layihələrin reallaşdırılması üçün də Avropa İttifaqı tərəfindən xüsusi dəstəyin göstərilməsi də qeyd edilib. Enerji təhlükəsizliyi sahəsində də münasibətlərimiz zirvəyə doğru irəliləyir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir və tərəflər arasında konstruktiv dialoq mövcuddur".
K.Bayramov onu da bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bir çox vacib məsələlə növbəti dəfə toxunub: "Görüşdə dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığa dair saziş üzrə danışıqların intensiv şəkildə aparılması və onun tez bir zamanda yekunlaşdırılması üçün müvafiq qurumlara tapşırıqların verildiyini diqqətə çatdırıb. Həmçinin Prezident İlham Əliyev Birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı dörd mindən artıq insanın itkin düşdüyünü xatırladaraq ötən il Brüsseldə və bu ilin fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dördlü formatda keçirilən görüşlərin nəticəsi olaraq itkin düşmüş şəxslərin taleyinin və onların basdırıldığı kütləvi məzarlıqların müəyyən edilməsi məsələsində Ermənistan tərəfinin konstruktiv formada davranmasının vacibliyini vurğulayıb. Ümid edirəm ki, regionda sülhün və əməkdaşlığın bərqərar olunması, inkişaf etdirilməsində biz bundan sonra da həm Avropa İttifaqının, həm də bu quruma üzv olan dövlətlərin xoş niyyətlərinin şahidi olacağıq".