Azərbaycan nümayəndə heyəti İzmirdə AK Partinin namizədlərinin təqdimatında iştirak edib
- 13 aprel, 2023
- 13:23
Yeniliklərdən dərhal xəbərdar olun!
İzmir şəhərində Türkiyə Böyük Millət Məclisinə (TBMM) mayın 14-də keçiriləcək 28-ci çağırış parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının bu şəhərdən olan namizədlərinin təqdimat mərasimi keçirilib.
“Report”un İzmirə ezam olunan əməkdaşının verdiyi xəbərə görə, mərasimdə Türkiyənin hökumət nümayəndələri, Azərbaycan parlamentinin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvləri, deputatlar Anar İsgəndərov, Azər Badamov, YAP Təftiş komissiyasının üzvü, deputat Məlahət İbrahimqızı, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilliyinə namizədlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün və şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dövlət himni səsləndirilib.
Toplantıda “Türkiyənin 100 ili” adlı film nümayiş etdirilib.
Daha sonra isə AK Partiyanın İzmir il başkanı Bilal Saygılı toplantını açıq elan edib. O, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında əldə etdiyi uğurlardan bəhs edib: “İndi növbə daha çox birləşməkdə, çalışmaqda və mayın 14-də keçiriləcək seçkilərdən uğurla çıxmaqdadır. Bizim sözümüz sözdür, gücümüz də böyükdür”.
Tədbirdə çıxış edən Əhliman Əmiraslanov təəssüflə bildirib ki, bu yaxınlarda Türkiyədə böyük fəlakətlərə yol açan zəlzələ olub: “İlk dəqiqələrdən etibarən Azərbaycan Prezident İlham Əliyev və dövlətimiz qardaş ölkənin yanında oldu. Azərbaycan Prezidenti hər zaman qeyd edir ki, Türkiyə və Azərbaycan bir yumruq və ürəkdir. Azərbaycan və Türkiyə qardaşlığı bu gün sürətlə inkişaf edir. Dünyada bu formada əməkdaşlıq quran başqa ölkələr tapmaq mümkün deyil. Türkiyənin sevincini öz sevincimiz, kədərini öz kədərimiz bilirik”.
Ə.Əmiraslanov söyləyib ki, 44 günlük Vətən müharibəsi zamanında qardaş ölkənin Prezidenti və xalqı Azərbaycanın yanında olub: “Bunu Azərbaycanda hər kəs bilir və bununla qürur duyur. Türkiyə son 20 ildə çox böyük uğurlara imza atıb. Sənayedən, hərbiyə qədər inkişaf edib. Biz Türkiyənin uğurları ilə fəxr edirik. Türkiyənin belə bir güclü lideri və Türkiyə ilə qürur duyuruq, fəxr edirik”.
“Biz inanırıq ki, Türkiyə xalqı düzgün seçim edəcək. Əminəm ki, bizim də ürəyimizdən olan bir seçim olacaq”, - o vurğulayıb.
AK Partiyanın İzmirdən millət vəkilliyinə namizədi Eyyüp Kadir İnan çıxışı zamanı əvvəlcə toplantıya qatılan Azərbaycan nümayəndə heyətinə təşəkkür edib: “Salam olsun Şuşaya və Azərbaycana”.
Daha sonra isə o, seçki platformasını açıqlayıb.
Tədbir çıxışlarla davam etdirilib.