Azərbaycan İslam dünyasının nüfuzlu və fəal üzvlərindən biri kimi çıxış edir - RƏY
- 25 iyun, 2026
- 15:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan İslam dünyasının nüfuzlu və fəal üzvlərindən biri kimi çıxış edir.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Onun sözlərinə görə, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və onun Parlament İttifaqı çərçivəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyətlə həm islam həmrəyliyinin möhkəmləndirilməsinə, həm də üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verir:
"Azərbaycanın təşəbbüsləri İslam dünyasının ortaq maraqlarının müdafiəsinə xidmət etməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun güclənməsinə də şərait yaradır. İƏT Azərbaycanın milli maraqlarının müdafiəsində ən ardıcıl beynəlxalq platformalardan biri olub. Təşkilat uzun illər ərzində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini qətiyyətlə pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qətnamə və qərarlar qəbul edib. Xüsusilə, Ermənistanın təcavüzü ilə bağlı yaradılmış İƏT Təmas Qrupunun fəaliyyəti Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayıb. Bu baxımdan, İƏT-in siyasi dəstəyi Azərbaycan üçün vacib və mühüm olub".
"İşğal altında qalmış ərazilərdə yüzlərlə tarixi və dini abidə dağıdılıb, məscidlər təhqir olunub və mədəni irs sistemli şəkildə məhv edilib. 67 məsciddən 65-nin dağıdılması faktı bunun ən bariz nümunəsidir. Bu gün Azərbaycan dövləti azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramları həyata keçirərək həm tarixi ədaləti bərpa edir, həm də İslam irsinin qorunmasına töhfə verir. Bu siyasət ölkəmizin multikultural və tolerant dəyərlərə sadiqliyinin göstəricisidir".
V.Qafarov qeyd edib ki, Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biri də islamofobiyaya qarşı qlobal mübarizədir:
"Son illər dünyanın müxtəlif bölgələrində müsəlmanlara və İslam dininə qarşı ayrı-seçkilik, nifrət çağırışları və dini təhqirlərin artması ciddi narahatlıq doğurur. Azərbaycan bu təhlükəli tendensiyanı beynəlxalq təhlükəsizlik və mədəni dialoq üçün risk hesab edir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, hər hansı dinə qarşı nifrət və ayrı-seçkilik qəbuledilməzdir. Eyni zamanda, bəzi Qərb siyasi dairələrinin və beynəlxalq qurumların İslamı ekstremizm və terrorizmlə əlaqələndirməyə yönəlmiş qərəzli yanaşmaları tənqid edilir. Azərbaycanın mövqeyi dini və mədəni müxtəlifliyə hörmət prinsipinə əsaslanır".
Deputat Azərbaycanın İslam dünyasındakı nüfuzundan söz açıb:
"Ölkəmizin İslam dünyasında artan nüfuzu yalnız siyasi məsələlərlə məhdudlaşmır. Azərbaycan uzun illərdir dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində fəal rol oynayır. Bakı şəhərində keçirilən beynəlxalq forumlar, humanitar tədbirlər və İƏT platformaları çərçivəsində təşkil olunan görüşlər ölkəmizin İslam dünyası ilə Qərb arasında körpü rolunu gücləndirir. Bu siyasət Azərbaycanın həm müsəlman ölkələri, həm də digər beynəlxalq tərəfdaşlarla qarşılıqlı etimad münasibətlərinin inkişafına xidmət edir".
O, həmçinin bildirib ki, Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatına sədrliyi qəbul etməsi ölkənin İslam aləmində artan nüfuzunun və etimadının göstəricisidir:
"Bu sədrlik dövründə Azərbaycanın əsas məqsədi islam həmrəyliyinin daha da gücləndirilməsi, üzv dövlətlər arasında iqtisadi və siyasi əməkdaşlığın dərinləşdirilməsi, həmçinin dayanıqlı və inklüziv inkişaf naminə ortaq təşəbbüslərin təşviqi olacaq. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada fəal və məsuliyyətli aktor kimi mövqeyini daha da möhkəmləndirəcək. Ümumilikdə, Azərbaycan İƏT çərçivəsində həyata keçirdiyi siyasətlə həm milli maraqlarını müdafiə edir, həm də İslam dünyasının birliyinə və inkişafına töhfə verir. Ölkəmizin təşəbbüsləri regional sabitliyin, mədəni irsin qorunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacib elementlərindən biri kimi çıxış edir".