Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib

Xarici siyasət
  • 16 oktyabr, 2026
  • 23:10
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib

Azərbaycanın "Gilavar Foto Klubu" İctimai Birliyinin "Minasız dünya" beynəlxalq kampaniyasının 2026-cı il oktyabrın 15-də növbəti dayanacağı Avstriyanın Salzburq şəhəri olub.

"Report" xəbər verir ki, sərgi Avstriyadakı Azərbaycan Evinin tərəfdaşlığı ilə Salzburqda Mərkəzi Vağzalın önündə baş tutub.

Fotoekspozisiya mina məsələsinə Ermənistanla təkcə keçmiş münaqişənin fəsadı kimi yox, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində cəmiyyətin normal yaşayışına, sosial bərpaya və dinc gələcəyin qurulmasına mane olan ən böyük humanitar əngəl kimi diqqət çəkib.

Nümayiş olunan 22 sənədli fotoşəkil minaların sadəcə anlıq təhlükə yaratmadığını, insanların ömürlərini alt-üst etməsini əks etdirib.

Sərgidə vurğulanıb ki, Ermənistan tərəfindən minalanmış ərazilərin dəqiq xəritələrin təhvil verilməməsi postmünaqişə dövründə 500-ə yaxın insanın həyatına son qoyub.

Salzburqun mərkəzi meydanında təşkil olunan sərgi dinc mühitdə yaşamaq hüququnun vacibliyini xatırlatmaqla yanaşı, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə 18-ci hədəf kimi "Minasız dünya" prinsipinin daxil edilməsinə xidmət edir.

Analoji fotoekspozisiya oktyabrın 5-də Cenevrə şəhərində (İsveçrə), oktyabrın 7-də Brnoda (Çexiya), oktyabrın 9-da Lyüblyanada (Sloveniya), oktyabrın 11-də Sarayevoda (Bosniya və Herseqovina), oktyabrın 13-də Zaqreb (Xorvatiyada) keçirilib.

"Gilavar" Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi "Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər" qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.