Arçil Sikxarulidze: Azərbaycan-Gürcüstan dostluğu daha da inkişaf etdirilməlidir

Xarici siyasət
  • 20 oktyabr, 2026
  • 12:35
Arçil Sikxarulidze: Azərbaycan-Gürcüstan dostluğu daha da inkişaf etdirilməlidir

Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın regional təhlükəsizlik, enerji və nəqliyyat infrastrukturu sahələrində daha da inkişaf etdirilməsi vacibdir.

Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında gürcü politoloq, SIKHA Foundation tədqiqat institutunun təsisçisi Arçil Sikxarulidze (Archil Sikharulidze) deyib.

Onun sözlərinə görə, iki ölkənin münasibətləri möhkəm təmələ malikdir:

"Bununla belə, ikitərəfli əməkdaşlığın növbəti mərhələsində regional təhlükəsizlik və ölkələr arasında bağlantı imkanları xüsusi diqqət mərkəzində olmalıdır".

Politoloq qeyd edib ki, regionda təhlükəsizliyin təmin olunması yalnız bir ölkənin səyləri ilə mümkün deyil və bu istiqamətdə Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, İran və Rusiya arasında regional prosesləri nəzərə alan yanaşma və infrastrukturun etibarlılığının təmin edilməsi vacibdir.

Arçil Sikxarulidze Azərbaycan və Gürcüstan arasında münasibətlərin inkişafında qarşılıqlı hörmətin və regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

O bildirib ki, Azərbaycan və Gürcüstan arasında dostluq və sıx əməkdaşlıq münasibətləri daha da inkişaf etdirilməlidir.

Ekspertin sözlərinə görə, növbəti mərhələdə regional əməkdaşlığa keçid, xüsusilə təhlükəsizlik, enerji və infrastruktur sahələrində əlaqələrin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.