AQEM-in Baş katibi: Bu günün gəncləri dayanıqlı regionun qurulmasında fəal tərəfdaşlardır
- 26 iyun, 2026
- 10:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu günün gəncləri inkişaf siyasətinin sadəcə faydalanan tərəfi deyil, daha dinc, firavan və dayanıqlı regionun qurulmasında fəal tərəfdaşlardır.
"Report" xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay təşkilatın Azərbaycanın 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində Gənclər Şurasının 9-cu iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, şəhərlər iqtisadi inkişafın, innovasiyanın və mədəni mübadilənin mərkəzinə çevrildiyi kimi, eyni zamanda ekoloji dayanıqlılıq, sosial inklüzivlik və ictimai sağlamlıqla bağlı ciddi çağırışlarla da üzləşirlər:
"Rəqəmsal dövrün nümayəndələri və dəyişikliklərin aparıcı qüvvəsi olan gənclər bu problemlərin həlli üçün innovativ yanaşmalar irəli sürmək, daha ağıllı, daha yaşıl və daha dayanıqlı şəhər mühitinin formalaşdırılmasına töhfə vermək potensialına malikdirlər".
K.Sarıbay həmçinin əlavə edib ki, Gənclər Şurasının görüşü milli təcrübələri bölüşmək üçün mühüm bir platformadır.
Baş katib bugünkü görüşün regionun ən iddialı şəhərsalma və yenidənqurma layihələrindən birinin Bakı Ağ şəhərində keçirilməsinin xüsusi rəmzi məna daşıdığını qeyd edib.