Ankarada Türkiyə-Azərbaycan diplomatiyasına həsr olunan beynəlxalq simpozium keçirilib

Xarici siyasət
  • 27 oktyabr, 2026
  • 17:30
Ankarada Türkiyə-Azərbaycan diplomatiyasına həsr olunan beynəlxalq simpozium keçirilib

Ankarada Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Şuşa Konqres Mərkəzində "Qarsdan Naxçıvana Keçid: Türkiyə-Azərbaycan Diplomatiyası və Cümhuriyyət Həftəsində Türk Dünyasının Gələcəyi" adlı beynəlxalq simpozium keçirilib.

"Report"un Türkiyə bürosunun məlumatına görə, tədbir Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) tərəfindən təşkil olunub.

Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü ərəfəsində keçirilən simpoziumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və İraq türkmənlərinin nümayəndələri, diplomatlar, alimlər, hüquqşünaslar və media təmsilçiləri iştirak ediblər.

TADİV sədri Aygün Attar Türkiyə-Azərbaycan qardaşlığının Türk dünyasının birliyi üçün təməl rolunu oynadığını bildirib. O, dezinformasiya ilə mübarizə və Türk dünyası ölkələrinin media qurumları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyev Azərbaycan-Türkiyə əməkdaşlığı, Zəngəzur dəhlizinin əhəmiyyəti və ortaq tarixi-mədəni irsin qorunması barədə fikirlərini bölüşüb.

ICESCO-nun tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov videomüraciətində İslam və Türk dünyaları arasında əlaqələrin gücləndirilməsini gələcəyə strateji sərmayə kimi dəyərləndirib.

Simpozium çərçivəsində "3 oktyabr Naxçıvan Sazişindən 26 oktyabr Zəngəzur müqaviləsinə qədər: Türk dünyasının fasiləsiz gələcəyi", "Naxçıvanın həsrəti, yenidən doğulan müstəqillik və suverenliyimizi ilk tanıyan Türkiyə" və "Qarsdan yüksələn səs: Atatürk, İbrahim Əbilov və Ankara-Bakı xətti" mövzularında panellər keçirilib.

44 filmi