ANAMA sədri "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda iştirak edib
- 18 noyabr, 2026
- 17:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Brüsseldə Avropa İttifaqı və Ukraynanın birgə ev sahibliyi ilə təşkil edilən "Ukraynada Mina Fəaliyyəti üzrə" 4-cü Konfransda (UMAC 2026) iştirak edib.
Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.
Qeyd edilib ki, konfrans çərçivəsində keçirilən sessiyalarda mina təhlükəsi ilə mübarizə sahəsində idarəetmə və innovasiyalar, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə, milli potensialın gücləndirilməsi və dayanıqlı minatəmizləmə modelləri, mexaniki minatəmizləmə texnologiyalarının inkişafı, şəhərlərin bərpası zamanı partlayıcı sursatların yaratdığı risklər və digər aidiyyəti mövzularda müzakirələr aparılıb.
Konfransda iştirak mina təsirinə məruz qalmış ölkələrlə təcrübə mübadiləsinin aparılması, qabaqcıl texnologiya və innovativ həllərin öyrənilməsi, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
UMAC 2026 Konfransı çərçivəsində Vüqar Süleymanov bir sıra ikitərəfli və üçtərəfli rəsmi görüşlər keçirib.
Sədr Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, Avropa İttifaqının Xarici Siyasət Alətləri Xidmətinin direktoru Peter Vagner və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin direktoru Tobias Privitelli ilə görüş zamanı ölkəmizin üzləşdiyi mina probleminin miqyası və bu problemin aradan qaldırılması istiqamətində mümkün dəstək imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti (SESU) rəhbərinin müavini Roman Prymuş ilə görüşdə UMAC 2025 konfransı çərçivəsində ANAMA ilə SESU arasında imzalanmış "Humanitar minatəmizləmə üzrə Azərbaycan Respublikasında təlimlərin keçirilməsinə dair" Anlaşma Memorandumunun icrası, eləcə də digər əməkdaşlıq məsələləri ətrafında danışıqlar aparılıb.
Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenko ilə görüşdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, çoxtərəfli tərəfdaşlıq və bu sahədə beynəlxalq təşəbbüslərin dəstəklənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Ukrayna iqtisadiyyat və ətraf mühit nazirinin müavini İhor Bezkaravaynyi və BMT-nin Layihə Xidmətləri Ofisi (UNOPS) nümayəndələri ilə keçirilən görüşdə tərəflər arasında humanitar minatəmizləmə sahəsində qabaqcıl təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri müzakirə olunub.
BMT-nin Ətraf Mühit Proqramının Cenevrədəki Ofisinin Kiyev üzrə Fəlakətlər və Münaqişələr bölməsinin Baş proqram mütəxəssisi Pyer Karlo Sandey ilə görüşdə mina və digər partlayıcı sursatlarla çirklənmiş ərazilərin ekoloji bərpası, minatəmizləmə fəaliyyətinin ətraf mühitə təsirləri və ekoloji təhlükəsizliyin təmin olunması məsələləri nəzərdən keçirilib.