Amanda Pol: Avropa Parlamenti mürəkkəb tərəfdaşdır, lakin Azərbaycan üçün onunla qarşılıqlı əlaqədə olmaq vacibdir

Xarici siyasət
  • 27 oktyabr, 2026
  • 15:54
Amanda Pol: Avropa Parlamenti mürəkkəb tərəfdaşdır, lakin Azərbaycan üçün onunla qarşılıqlı əlaqədə olmaq vacibdir

Avropa Parlamenti son dərəcə mürəkkəb tərəfdaşdır, lakin Azərbaycanın onunla qarşılıqlı əlaqədə olması vacibdir, çünki bu struktur Avropa İttifaqının siyasətinə əhəmiyyətli təsirini qoruyub saxlayır.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Brüsseldəki Avropa Siyasət Mərkəzinin (EPC) baş analitiki Amanda Pol bildirib.

"Mən bu yanaşmanın səbəblərini anlayıram (Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlıq etməmək qərarı - red.). Avropa Parlamenti son dərəcə mürəkkəb tərəfdaşdır", - A.Pol bildirib.

Onun sözlərinə görə, Avropa Parlamenti Azərbaycanla münasibətlərdə Aİ-nin ən problemli institutu olaraq qalır.

Bununla yanaşı, ekspert vurğulayıb ki, bu strukturla fikir ayrılıqları təkcə Azərbaycan üçün deyil, Türkiyə də daxil olmaqla bir sıra digər ölkələr üçün xarakterikdir. Eyni zamanda, Türkiyə buna baxmayaraq, Avropa Parlamenti ilə münasibətlərdə çox fəaldır.

A.Pol qeyd edib ki, Avropa Parlamentinin bəzi deputatlarının Azərbaycanla bağlı mövqeləri bir çox hallarda ermənilərin mövqeləri ilə üst-üstə düşür, erməni lobbisi isə uzun illərdir ki, bu strukturda fəal işləyir və müəyyən nəticələr əldə edib.

Bununla belə, ekspert Bakını Avropa Parlamenti ilə qarşılıqlı fəaliyyətin yeni formatlarını axtarmağa, o cümlədən bütün Cənubi Qafqazın, eləcə də Türkiyənin maraqlarını nəzərə almaqla regional təhlükəsizlik və nəqliyyat əlaqələri məsələlərini müzakirə etməyə çağırıb.

"Avropa Parlamentinin rolu gələcəkdə daha az əhəmiyyətli olmayacaq. Bu, nüfuzlu bir institutdur, buna görə də təsir göstərmək yollarını tapmaq üçün orada iştirak etmək lazımdır", - o bildirib.

Polun fikrincə, artan geosiyasi qeyri-sabitlik və Avropa İttifaqının iqtisadi təhlükəsizliyi gücləndirmək, təchizat zəncirlərini şaxələndirmək və Avropa sərhədlərinə daha yaxın yerləşən tərəfdaşlarla əməkdaşlığı inkişaf etdirmək səyləri şəraitində Azərbaycan Avropa Parlamentinin bütün siyasi qruplarına ölkənin Aİ üçün əhəmiyyətini çatdırmalıdır.

O, həmçinin qeyd edib ki, Avropa Parlamentində Azərbaycanı dəstəkləyən deputatlar, o cümlədən Belçika nümayəndələri var və münasibətlər qurarkən bu amil nəzərə alınmalıdır.

Ekspert qeyd edib ki, Avropa İttifaqı təsisatları xarici siyasət məsələlərində, o cümlədən Aİ-nin genişlənməsi və təhlükəsizlik məsələlərində hər zaman vahid mövqedən çıxış etmirlər.

Onun dəyərləndirməsinə görə, Avropa Komissiyası və Avropa Xarici Fəaliyyət Xidməti çox vaxt daha praqmatik yanaşma nümayiş etdirir, halbuki Aİ Şurası əsas qərarları qəbul edir, Avropa Parlamenti isə öz siyasi gündəliyini formalaşdırır.

Bununla yanaşı, A.Pol vurğulayıb ki, Azərbaycanın artan geosiyasi əhəmiyyəti Avropa İttifaqı ilə münasibətlərin möhkəmləndirilməsi üçün əlavə imkanlar açır və Bakının bütün Avropa təsisatları ilə dialoqu genişləndirmək üçün onlardan istifadə etməsi vacibdir.

44 filmi