Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 7 %-ə yaxın azalıb

Turizm
  • 28 oktyabr, 2026
  • 10:02
Azərbaycan mehmanxanalarında gecələmələrin sayı 7 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 % azalaraq 3 milyon 239,3 min olub.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gecələmələrin ümumi sayının 55,9 %-i Bakıda, 5,2 %-i Qusarda, 5,1 %-i Naftalanda, 4,7 %-i Xaçmazda, 3,9 %-i Qəbələdə, 3,4 %-i Qubada, 3 %-i Lənkəranda, 1,8 %-i Gəncədə, 1,6 %-i Şuşada, 1,5 %-i Şamaxıda, hər birində 1,2 % olmaqla Naxçıvan Muxtar Respublikası və Masallıda, hər birində 1,1 % olmaqla Şabran və Qaxda, 9,3 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

9 ayda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % azalaraq 1845,6 min olub ki, bu da ümumi gecələmələrin 57 %-ni təşkil edib. Gecələmələrin ümumi sayının 12,1 %-i Türkiyə, 11,3 %-i Rusiya, 9,2 %-i İsrail, 6 %-i Səudiyyə Ərəbistanı, 5,8 %-i Hindistan, 5,4 %-i Çin, hər biri 4,2 % olmaqla Pakistan və Özbəkistan, 4,1 %-i Qazaxıstan, 2,5 %-i Böyük Britaniya, hər biri 2,3 % olmaqla Birləşmiş Ərəb Əmirlikləri və ABŞ, 1,6 %-i Almaniya, 1,3 %-i Küveyt, 1,1 %-i İtaliya, 1 %-i Gürcüstan, hər biri 0,7 % olmaqla Cənubi Koreya, İran və Ukrayna, 23,5 %-i isə digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 81,4 %-i Bakıda, 5,4 %-i Naftalanda, 5,1 %-i Qusarda, 2,8 %-i Qəbələdə, 1,3 %-i Qubada, 4 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirdiyi gecələmələrinin sayı 1393,7 min olub ki, bu da ümumi gecələmələrin 43 %-ni təşkil edib.

Hesabat dövründə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,6 % artaraq 497,3 milyon manat olub ki, onun da 63,7 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25,9 %-i ictimai iaşə xidmətlərindən, 2,6 %-i müalicə və sağlamlıq xidmətlərindən, 7,8 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

9 ayda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 23 %- % olub (2025-ci ilin yanvar-sentyabr aylarında 25 %). Bu göstərici Naftalanda 46,2 %, Neftçalada 42,8 %, Şabranda 40,7 %, Bakıda 33,2 %, Sabirabadda 29,6 %, Laçında 28,6 %, Qusarda 27,8 %, Lənkəranda 22,3 %, Qəbələdə 21,8 %, Xankəndidə 20,9 %, Şamaxıda 20,5 %, Beyləqanda 19,1 %, Bərdədə 18,7 %, Qubada 16,9 %, digər şəhər və rayonlarda isə 16,9 %-dən aşağı olub.