Şüvəlandakı mərkəzə ötən il məişət zorakılığı ilə bağlı 7 müraciət daxil olub
- 26 oktyabr, 2026
- 12:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə edilən müraciətlər əsasında 2025-ci il üzrə məişət zorakılığına məruz qalmış 6 qadın və 1 kişi qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə (UADM) təşkil olunan mediaturda bildirilib.
UADM-lərin fəaliyyəti barədə məlumat verən Dövlət Komitəsinin əməkdaşı Ülviyyə Usubova qeyd edib ki, mərkəzlərin fəaliyyətində həssas kateqoriyadan olan ailələrə və şəxslərə göstərilən psixososial dəstək tədbirləri, valideynlərin və mütəxəssislərin bilik və bacarıqlarının artırılması, ailə, qadın və uşaq məsələləri sahəsində, nümunəvi ailə dəyərlərinin yaşadılması əsas yet tutur: "Həmçinin ailə institutunun möhkəmləndirilməsi, gələcək nəslin sağlam yetişdirilməsi istiqamətində maarifləndirici layihə və proqramlar həyata keçirilir".
Şüvəlan UADM-in direktoru Sitarə Əhmədova Mərkəzin fəaliyyət istiqamətləri və göstərdiyi xidmətlər, uşaqlar üçün inkişafetdirici məşğələlər, uşaqların yaşlarına uyğun inkişaf səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə keçirilən "Denver II" qiymətləndirmə testi, psixoloji xidmətlər barədə ətraflı məlumat verib.
Daha sonra Mərkəzin psixoloqu Fəridə Qəhrəmanovanın təqdimatında "Şəxsiyyət yüksəlişi" treninqinə baxış olub.
Sosial iş üzrə mütəxəssis Aytac İbrahimova Mərkəzin fəaliyyəti və sosial işin aparılması barədə çıxış edib:
"Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə edilən müraciətlər əsasında 2025-ci il üzrə məişət zorakılığına məruz qalmış 6 qadın və 1 kişi qeydə alınıb. Məişət zorakılığı ilə bağlı 7 nəfərə mühafizə orderi verilib".
Psixoloq Aytəkin Məmmədova çıxışında əvvəllər mərkəzə müraciət edən qadınların sayının az olduğunu vurğulayıb:
"Kişilər isə müraciət etməyə ümumiyyətlə meyilli deyildilər. Maarifləndirmə tədbirləri nəticəsində müraciətlərin sayı artıb. İcma ilə daha sıx ünsiyyət qurduqca və mərkəzin fəaliyyətini insanlara izah etdikcə, münasibət dəyişməyə başladı. Hazırda məktəblər də insanları mərkəzə yönləndirirlər. İnsanlar konsultasiyalara yazılmaq üçün müraciət edir, mütəxəssislərlə ünsiyyət qurur və dəstək almağa çalışırlar".
A.Məmmədova qeyd edib ki, zaman keçdikcə psixoloqlarla bağlı formalaşmış stereotiplər aradan qalxır:
"Bəzən psixoloqa müraciət edən insanlara qarşı qərəzli münasibət göstərilir, hətta onların özlərinin günahkar olduğu düşünülür. Bu, yanlış yanaşmadır. Maarifləndirmə və düzgün ünsiyyət vasitəsilə bu cür stereotipləri dəyişmək mümkündür. Apardığımız işlərin nəticəsində insanların bizə münasibətinin daha müsbət istiqamətdə dəyişdiyini müşahidə edirik. Psixoloji dəstəyin əsas məqsədi insanların düşüncələrini, emosional vəziyyətini və psixoloji rifahını yaxşılaşdırmaqdır. Konsultasiyalar zamanı şəxsin emosional vəziyyətinin qorunması və rifahının artırılması istiqamətində iş aparılır".
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.