Naxçıvanda “Ortakənd” qızıl yatağının istifadəyə verilməsinə hazırlıq gedir

Sənaye
  • 14 iyul, 2023
  • 13:00
Naxçıvanda “Ortakənd” qızıl yatağının istifadəyə verilməsinə hazırlıq gedir

"AzerGold" QSC Naxçıvan MR-nın Culfa rayonunun ərazisində yerləşən və perspektivli hesab edilən 2 yataq, 2 təzahür sahəsində müxtəlif mərhələlər üzrə kəşfiyyat və tədqiqat işləri aparır.

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bunu qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, sözügedən yataq və təzahür sahələrinə “Ortakənd” qızıl, “Başkənd” mis-qızıl, “Paradaş” mis təzahür, eləcə də “Göydağ” mis-molibden təzahür sahələri daxildir. “Ortakənd” qızıl yatağında 2018-dən ildən etibarən mərhələli şəkildə buruqqazma, çoxprofilli geofiziki tədqiqat işləri yerinə yetirilib. Hazırda yatağın istismara hazırlığı prosesi çərçivəsində İlkin Texniki-İqtisadi hesablama parametrləri üzrə araşdırmalar davam etdirilir. Texniki-İqtisadi Əsaslandırmanın daha sonrakı mərhələlərində yatağın mövcud resurslarının həcmi və tətbiq ediləcək texnoloji metodologiya müəyyən ediləcək. İndiki mərhələdə nəticələr çox ümidvericidir.

Z.İbrahimov həmçinin ənənəvi olaraq nəzərdə tutulan fəaliyyətin ətraf mühitə, insan sağlamlığına təsirinin kompleks ekoloji, sosial-iqtisadi qiymətləndirilməsinin qanunvericiliyin tələblərinə uyğun qaydada beynəlxalq norma və standartlar əsasında aparılacağını vurğulayıb. O, bildirib ki, “Ortakənd” qızıl yatağının qarşıdakı illərdə, digər yataqların növbəti illərdə istismara verilməsi, hər bir yataq üzrə təqribən 500 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bununla da yeni mədənlərin işə salınması ilə Muxtar Respublikada məşğulluğun artırılmasına ciddi töhfə verilməsi planlaşdırılır.