Səhiyyə naziri: "AQTİ nəinki regionda, hətta beynəlxalq miqyasda qabaqcıl və etibarlı müəssisə kimi qəbul olunur"
- 14 sentyabr, 2023
- 08:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində yaradılmış Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu maddi-texniki bazasına, kadr və elmi potensialına görə əminliklə deyə bilərik ki, nəinki regionda, hətta beynəlxalq miqyasda qabaqcıl və etibarlı müəssisə kimi qəbul olunur. İnstitutun tabeliyində qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması üzrə ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyalar gənc kadrların hazırlanmasında mühüm rol oynayır.
“Report” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev “Avropa və Mərkəzi Asiyada Qida Standartlarının Təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, ötən 5 il müddətində Qida Təhlükəsizliyi Agentliyi nümunəvi inkişaf yolu keçib, qida təhlükəsizliyi sahəsində müsbət ənənələrin möhkəm əsaslarla formalaşmasının birbaşa təşəbbüskarı və icraçısı olub:
"Qida təhlükəsizliyi əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır. Qidaların keyfiyyətli və təhlükəsiz olması qida ilə əlaqəli xəstəlik hallarının yayılmasının qarşısını almış olur, səhiyyə sistemini mümkün təhdidlərdən qoruyur.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər arasında vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi əsas məqsədlərdən biri olaraq qarşıya qoyulub.
Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında uşaqların sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi yuxarıda qeyd olunan məqsədə çatmaq üçün əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib.
Həssas əhali qrupları arasında qida təhlükəsizliyi barədə məlumatlılıq səviyyəsinin artırılması üçün maarifləndirmə və təşviqat tədbirlərinin keçirilməsi zəruri hesab olunur. Bu baxımdan, Qida Təhlükəsizliyi Agentliyi ilə Səhiyyə Nazirliyi arasında fəal əməkdaşlıq aparılır, xüsusən də məktəblilər arasında düzgün qidalanmanın təşviqinə dair tədbirlər həyata keçirilir".
"Kodeks Komissiyasının əsas fəaliyyəti istehlakçıların sağlamlığının qorunması, beynəlxalq ticarətin asanlaşdırılması və beynəlxalq ərzaq ticarətində ədalətli təcrübələrin təmin edilməsindən ibarət olduğundan bugünkü tədbirin əhəmiyyətini yüksək qiymətləndiririk. Kodeks qlobal səviyyədə qida keyfiyyətinin idarəolunmasında mühüm təsirə malikdir. İnanıram ki, aparılacaq panel müzakirələr Milli Kodeks Sisteminin yaradılması işinə əməli töhfələr verəcək", - nazir əlavə edib.