Qoşqar Təhməzli: "İri sahibkarlıq subyektləri 2 il ərzində HACCP sisteminin tətbiqini başa çatdırmalıdırlar"
- 12 iyul, 2023
- 07:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Müəssisələrdə HACCP (Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri) sistemi tətbiq edilməli və izləmə sistemi qurulmalıdır. İri sahibkarlıq subyektləri 2 il ərzində HACCP sisteminin tətbiqini başa çatdırmalıdırlar.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, HACCP sisteminin məcburi tətbiqinə dair texniki normativ hüquqi akt layihəsi hazırlanıb.
Q.Təhməzli deyib ki, istehsal və emal fəaliyyətini həyata keçirən iri sahibkarlıq subyektləri “Qida təhlükəsizliyi haqqında” qanun qüvvəyə mindikdən 2 il, kiçik və orta sahibkarlıq subyektləri 4 il, mikro sahibkarlıq subyektləri isə 6 il sonra HACCP sistemini tətbiq etməlidirlər.
AQTA sədri vurğulayıb ki, iri sahibkarlıq subyektləri 2 il ərzində HACCP sisteminin tətbiqini başa çatdırmalıdırlar:
"Bu müddətdən sonra yoxlamalar HACCP prinsipləri əsasında hazırlanmış yoxlama sualları əsasında aparılacaq və bu sistemin tətbiq olunmaması ciddi nöqsan kimi qəbul ediləcək".