Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə dövlət nəzarətini həyata keçirəcək
- 29 iyun, 2018
- 08:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 iyun. REPORT.AZ/ "Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi iyulun 1-dən etibarən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə dövlət nəzarətini həyata keçirəcək".
"Report" xəbər verir ki, bunu agentliyin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qida məhsullarının dövlət qeydiyyatının reyestrinin aparılması ASAN xidmətin müvafiq şöbələrində icra olunacaq: "Azərbaycanda bu günə qədər proses həyata keçirilmirdi. Sahibkarlar bu günə qədər gigiyenik sertifikatlar əldə edərək işlərini görürdülər. Lakin artıq həmin gigiyenik sertifikatlar ləğv edilib. Bu beynəlxalq standartların tələblərinə uyğun qaydadır".
Q.Təhməzli qeyd edib ki, sahibkarlar ixrac etdikləri məhsullara qida təhlükəsizliyi sertifikatı alacaqlar: "Bu beynəlxalq konvensiyalara uyğun şəkildə icra olunacaq. Dövlət rüsumları da müəyyənləşdirilib və təsdiqlənib".
O əlavə edib ki, müəssisələrdə istehsal olunan məhsullar beynəlxalq ekspertizaya cəlb olunacaq: "Bu da risk qrupuna görə dəyərləndiriləcək. Ekspertlər məhsulu risk qrupuna görə qiymətləndirib laboratoriyaya göndərəcək. İyulun 1-dən etibarən Kənd Təsərrüfatı Nazirliyi baytarlıq sahəsində vaksinasiya işlərini həyata keçirəcək. Eyni zamanda bitkilərdə bağlı dərmanlama işlərinə başlanılacaq".