Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi: "Rusiya ərazisində yerləşən hərbi obyektlər hədəfimizdir"
- 18 yanvar, 2024
- 08:59
Yeniliklərdən dərhal xəbərdar olun!
"Rusiya ərazisində yerləşən hərbi obyektlər bizim üçün hədəfdir. Biz onları mütləq məhv edəcəyik".
Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib.
"Biz ən çox dənizdə, cəbhənin Qara dəniz cinahında uğur qazanırıq. Bu il qüvvələrimiz çox mühüm hədəfi – işğalçılar üçün çox vacib vəzifəni yerinə yetirən A-50 təyyarəsini məhv edib. Onların yalnız bir neçə belə təyyarəsi var. Biz mülki əhali ilə müharibə aparmırıq", - ölkə rəsmisi vurğulayıb. O, qeyd edib ki, Ukrayna yalnız hərbi obyektləri hədəf alır.
Əlavə edib ki, Rusiya Federasiyası ilə heç bir danışıqlar aparmırlar: "Danışıqların aparılması üçün müvafiq səlahiyyətlər verilməklə Ukrayna Prezidentinin sərəncamı ilə təsdiq edilmiş danışıqlar qrupu yaradılmalıdır. Biz heç bir danışıqlar aparmamışıq".
Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.