Tokayev milli təhlükəsizlik orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasını tələb edib

Region
  • 16 noyabr, 2026
  • 11:58
Tokayev milli təhlükəsizlik orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasını tələb edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev milli təhlükəsizlik orqanları sistemində islahatların aparılmasının, onların qarşısında duran məqsədlərə nail olmaq üçün yeni yanaşmaların işlənib hazırlanmasının və fəaliyyətin səmərəliliyinin artırılmasının zəruriliyini qeyd edib.

"Report" Qazaxıstan mediasına istinadən xəbər verir ki, o, bunu Milli Təhlükəsizlik Komitəsinin yeni rəhbərliyi ilə keçirdiyi müşavirədə bildirib.

Tokayev Milli Təhlükəsizlik Komitəsinin yeni sədri Marat İrmenovu təqdim edib və onun qarşısında bir sıra vəzifələr qoyub.

Qazaxıstan Prezidenti vurğulayıb ki, "qanun və qayda" prinsipinin həyata keçirilməsinə, iqtisadi sahədə dövlətin milli maraqlarının təmin edilməsinə, korrupsiyaya və digər qanun pozuntularına qarşı mübarizəyə xüsusi diqqət yetirilməlidir. O, kadr seçiminin təkmilləşdirilməsi, sosial-iqtisadi sabitliyə qarşı təhdidlərin, korrupsiya risklərinin qarşısının alınması üzrə profilaktik tədbirlərin görülməsi istiqamətində işlərin gücləndirilməsini tapşırıb.

Bu gün Tokayev İrmenovu Milli Təhlükəsizlik Komitəsinin sədri təyin edib. Bu təyinata qədər o, komitə sədrinin müavini vəzifəsində çalışırdı. İrmenov bu postda Yermek Saqimbayevi əvəz edib.