Qazaxıstanda hərbçilərin ölməsi ilə bağlı iş üzrə Müdafiə Nazirliyinin 5 vəzifəli şəxsi saxlanılıb - YENİLƏNİB

Region
  • 25 sentyabr, 2026
  • 12:45
Qazaxıstanda hərbçilərin ölməsi ilə bağlı iş üzrə Müdafiə Nazirliyinin 5 vəzifəli şəxsi saxlanılıb - YENİLƏNİB

Qazaxıstan Müdafiə Nazirliyinin beş vəzifəli şəxsi Manqistau vilayəti sahillərində, Xəzər dənizində təlimlər zamanı hərbi qulluqçuların həlak olması ilə bağlı iş üzrə saxlanılıb.

"Report" Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qurumdan qeyd edilib ki, ağır nəticələrə səbəb olan xidmətə səhlənkar yanaşma və gəmi idarəçiliyi qaydalarının pozulması ilə bağlı cinayət hüquqpozmalarının törədilməsində şübhəli bilinən Qazaxıstan Silahlı Qüvvələrinin ali və baş komandanlıq heyətinin məsul vəzifəli şəxsləri saxlanılıb.

"Saxlanılanlar arasında Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələri Baş komandanının birinci müavini - qərargah rəisi, iki hərbi hissə komandiri, həmçinin dəniz piyadaları bölüyünün və katerin komandirləri var. Onların hamısı şübhəli şəxs qismində tanınıb və Aktau şəhər polis idarəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdiriliblər", - məlumatda qeyd olunub.

DİN-in hərbi istintaq bölməsi tərəfindən "Xəzər Qorğanı - 2026" təlimləri zamanı hərbi qulluqçuların həlak olması faktı üzrə məhkəməyəqədərki araşdırma aparılır.

İstintaq Manqistau vilayətində Xəzər dənizində təlimlər zamanı Qazaxıstan hərbi qulluqçularının ölümündə əli olmaqda şübhəli bilinən vəzifəli şəxsləri müəyyən edib.

"Report" bu barədə Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir.

"Xidmətə səhlənkar yanaşmaqda şübhəli bilinən, eləcə də meteoroloji şəraiti nəzərə alaraq şəxsi heyətin təhlükəsizliyi üçün nəzarəti və zəruri tədbirlərin görülməsini təmin etməyən, xilasetmə işlərini lazımi səviyyədə təşkil etməyən və bununla da insanların ölümünə səbəb olan vəzifəli şəxslər müəyyən edilib", - məlumatda deyilir.

Qurumdan həmçinin vurğulanıb ki, hadisə yerinə baxış keçirilib, artıq 30-dan çox hərbçi dindirilib, sənədlər və videomateriallar götürülüb, 12 ekspertiza təyin edilib.

"İstintaq tam hüquqi qiymət verəcək və bütün şübhəlilərə qarşı prosessual tədbirlər görəcək", - Baş Prokurorluqdan bildirilib.

Xatırladaq ki, ötən gün Qazaxıstanda hava şəraitinin kəskin pisləşməsi səbəbindən Xəzərdə təlimlər zamanı hərbçiləri axın aparıb, 12 nəfər həlak olub. Dəqiqləşdirilmiş məlumata görə, təlim-döyüş tapşırığının icrası zamanı hava şəraitinin kəskin pisləşməsi səbəbindən 17 hərbi qulluqçunu dənizdə axın aparıb. Üç nəfəri xilas etmək mümkün olub, daha iki nəfərin axtarışı isə davam edir.

Hadisənin səbəblərini müəyyənləşdirmək üçün Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərliyi ilə hökumət komissiyası yaradılıb. Komissiyaya hərbi qulluqçuların ölüm səbəblərini hərtərəfli araşdırmaq və həlak olanların ailələrinə kömək göstərmək tapşırılıb.