Ermənistan müxalifətinin aksiyaçıları iki qrupa bölünüb - YENİLƏNİB
- 09 iyun, 2024
- 21:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın qərarı ilə iki yerə bölünüb. Bir qrup polisin nəqliyyatı bağladığı parlamentin yaxınlığında qalıb, ikincisi Qalstanyanla birlikdə hökumətin bağ evlərinə tərəf gedib.
"Report"un məlumatına görə, aksiya yerli xəbər portalları tərəfindən yayımlanır.
“Polis bizi bu marşrutdan keçirməyə qoymayacağına görə qərara gəldik ki, Qarnik Danielyanla (hərəkatın liderlərindən biri - red.) adamların bir hissəsi burada qalsın və biz Saryan küçəsi ilə Proşyana (hökumət evlərinin yerləşdiyi küçə - red.) gedək. Burdan buraxmırlar, başqa yolla gedək”, - arxiyepiskop deyib.
09.06.2024.19:38
Ermənistanın paytaxtı İrəvanın Respublika Meydanında müxalifətin növbəti mitinqi başlayıb.
“Report” xəbər verir ki, on minlərlə insanın iştirak etdiyi aksiyanın yayımını yerli xəbər portalları aparır.
Etiraz hərəkatının tərəfdarları üç istiqamətdən paytaxtın mərkəzi meydanına yürüş ediblər.
Qeyd edək ki, meydanda və hökumət binası ətrafında xeyli sayda polis qüvvələri cəmləşib.