"Ozon" kompleksinə PUA hücumu nəticəsində dörd nəfər yaralanıb - YENİLƏNİB-2
- 22 avqust, 2026
- 11:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Samara vilayətində pilotsuz uçuş aparatlarının (PUA) "Ozon" logistika kompleksinə hücumu nəticəsində dörd nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Rusiya mediası fövqəladə hallar üzrə xidmətlərə istinadən məlumat yayıb.
"Ozon" kompleksində dörd nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti yüngül, birinin vəziyyəti isə ağırdır", - mənbə bildirib.
Rusiyanın Samara vilayətinə pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumundan sonra sənaye müəssisələrindən biri zədələnib.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Fedorişev məlumat verib.
Bundan başqa, "Ozon" logistika kompleksinə də zərbə endirilib.
"Ozon"un mətbuat xidmətindən bildirilib ki, PUA hücumu nəticəsində Samara vilayətinin Çapayevsk şəhərindəki anbarda yanğın başlayıb. 500-dən çox əməkdaş təxliyə edilib, bir neçə nəfər xəsarət alıb. Anbarın fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.
Avqustun 22-nə keçən gecə pilotsuz uçuş aparatları (PUA) ilk dəfə olaraq Rusiyanın Samara vilayətində "OZON" şirkətinin (Rusiyanın ilk e-ticarət şirkətlərindən biri - red.) logistika obyektinə hücum edib.
"Report" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb.
Əvvəllər "Wildberries" anbarlarına da zərbələr endirilmişdi.
Məlumata görə, saat 02:47 radələrində Samara vilayətində "PUA təhlükəsi" rejimi elan edilib. Artıq 04:30-dan sonra sosial şəbəkələrdə yanğın və tüstü sütununun əks olunduğu videolar kütləvi şəkildə yayılıb, bəzi kanallar isə zərbəyə məhz Çapayevskdəki "OZON" logistika qovşağının məruz qaldığını dəqiqləşdirib. Hücumdan sonra obyektdə yanğın baş verib, lakin yerli hakimiyyət orqanları və şirkətin özü insidentlə bağlı hələlik heç bir şərh verməyib.
Avqustun ortalarında Ukrayna Müdafiə Nazirliyi həmin vaxta qədər "Wildberries"in 10 ən böyük logistika qovşağından 7-sini sıradan çıxarıldığını açıqlamışdı.