Gürcüstanda güclü külək fəsadlar törədib, inzibati və yaşayış binalarına ziyan dəyib

Region
  • 21 noyabr, 2016
  • 12:01
Gürcüstanda güclü külək fəsadlar törədib, inzibati və yaşayış binalarına ziyan dəyib

Bakı. 21 noyabr. REPORT.AZ/ Güclü külək nəticəsində Almaniyanın Dortmund şəhərindən uçan sərnişin təyyarəsi Gürcüstanın Kutaisi şəhərindəki hava limanına enə bilməyib.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Kutaisinin David Aqmaşenebeli Beynəlxalq Hava Limanından uçan Kutaisi-Berlin reysi də güclü küləyə görə təxirə salınıb.

Məlumata görə, külək Kutaisidə qarajın dam örtüyünü uçurub, yaşayış binalarına da ziyan vurub.

Eyni zamanda təbii fəlakət Gürcüstanın Poti şəhərinin infrastrukturuna zərər vurub. Güclü külək şəhərdəki bir neçə evin dam örtüyünü uçurub, elektrik xəttini qırıb, eləcə də ağacları kökündən qoparıb. Şəhərin bir hissəsinin sakinlərinin yaşadığı evlərə elektrik enerjisinin verilməsi dayandırılıb.

Xəbərdə bildirilib ki, ölkənin Samtredi şəhərində güclü külək poliklinika ərazisindəki ağacları, bir neçə yaşayış evinin dam örtüyünü uçurub.