Fon der Lyayen: Rusiya qazın qiymətlərini artıracağı təqdirdə Ermənistanı dəstəkləyəcəyik
- 02 iyul, 2026
- 13:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Rusiya tərəfindən Ermənistana tədarük olunan təbii qazın qiymətinin mümkün artırılması halında Ermənistanı dəstəkləməyə hazırdır.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə bəyanatla çıxış edərkən deyib.
"Energetikaya gəldikdə isə Ermənistana strateji və çoxsəviyyəli yanaşma lazımdır. Ölkəyə ticarəti şaxələndirməkdə kömək etdiyimiz kimi enerji təchizatı mənbələrinin şaxələndirilməsinə də dəstək olmaq istəyirik. Artıq gələn həftə Aİ-nin ekspertlər qrupu Ermənistana səfər edəcək", - deyə fon der Lyayen bildirib.
Onun sözlərinə görə, Aİ enerji tədarükünün şaxələndirilməsi sahəsində artıq əhəmiyyətli təcrübəyə malikdir və Cənubi Qafqazın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, eləcə də yeni enerji mübadiləsi marşrutlarının inkişafına investisiya yatırmaq niyyətindədir:
"Söhbət 25 milyon avro məbləğində investisiyadan gedir. Bundan əlavə, biz Ermənistanı bərpa olunan enerjinin inkişafında dəstəkləyirik, bu da həmçinin ölkənin enerji təhlükəsizliyinin möhkəmlənməsinə kömək edir".