Baş nazir: Gürcüstan şəhərlərin dayanıqlı inkişafı sahəsində beynəlxalq əməkdaşlığı genişləndirməyə hazırdır
- 18 may, 2026
- 16:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan Davamlı İnkişaf Məqsədlərinin (SDG) və Yeni Şəhər İnkişafı Proqramının həyata keçirilməsinə tam sadiq qalır.
"Report" xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze WUF13 çərçivəsində Liderlərin Sammitində bildirib.
Kobaxidze vurğulayıb ki, onun ölkəsi indiki və gələcək nəsillər üçün təhlükəsiz, inklüziv və dayanıqlı yaşayış məntəqələrinin təşviqi işində beynəlxalq tərəfdaşlarla əməkdaşlığı bundan sonra da gücləndirməyə hazırdır.
"Müasir şəhər dayanıqlığı əlçatan ictimai xidmətlər, dayanıqlı mobillik, ekoloji yönümlü planlaşdırma və hər bir icmanın həyat keyfiyyətini yüksəldən siyasət tələb edir. Gürcüstanın ən mühüm son nailiyyətlərindən biri milli kadastrın yaradılmasının başa çatdırılması və bütün ölkə boyu torpaq sahələrinin tam qeydiyyatı oldu. Bu islahat hüquqi müəyyənliyi möhkəmləndirdi, torpaq resurslarının idarə edilməsi sistemini yaxşılaşdırdı və iqtisadi fəaliyyət və ərazi idarəetməsi üçün daha şəffaf əsas yaratdı. Buna paralel olaraq hələ sovet dövründə paylanmış yaşayış obyektlərinin özəlləşdirilməsi prosesi başa çatdırıldı. Bu obyektlərin tam şəkildə xüsusi mülkiyyətə verilməsindən sonra biz şəhər sabitliyi və xüsusi mülkiyyət hüquqlarının qorunması üçün yekun əsas formalaşdırdıq", - Baş nazir bildirib.
Kobaxidze qeyd edib ki, Gürcüstanın urbanizasiya sahəsindəki təşəbbüsləri ənənəvi gürcü memarlıq irsinin qorunub saxlanmasına sadiqliyə əsaslanır: "Biz əminik ki, modernləşmə tarixin itirilməsi hesabına baş verməməlidir. Ənənəvi memarlıq elementlərini müasir şəhərsalma işlərinə inteqrasiya edərək, biz keçmişə hörmət edən və eyni zamanda gələcəyə yönəlmiş şəhərlər yaratmaqla mədəni təhlükəsizliyimizi möhkəmləndiririk".