ATƏT-in Milli Azlıqların məsələləri üzrə Ali Komissarlığının direktoru Gürcüstan parlamentində azərbaycanlı deputatlarla görüşüb

Region
  • 13 iyul, 2017
  • 07:58
ATƏT-in Milli Azlıqların məsələləri üzrə Ali Komissarlığının direktoru Gürcüstan parlamentində azərbaycanlı deputatlarla görüşüb
Report.az

Tbilisi. 13 iyul. REPORT.AZ/ Gürcüstanda səfərdə olan ATƏT-in Milli Azlıqların məsələləri üzrə Ali Komissarlığının direktoru və komissarın vəzifələrini icra edən Henrik Viledsen Gürcüstan parlamentində milli azlıqları təmsil edən deputatlarla görüşüb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, görüşdə azərbaycanlı deputatlardan Mahir Dərziyev, Azər Süleymanov, Ruslan Hacıyev, ermənilərdən isə Samvel Manukyan və Ruslan Poqasyan iştirak ediblər.

Görüşdə, Gürcüstanda yaşayan milli azlıqların cəmiyyətə inteqrasiyası, təhsil, din, mədəniyyət azadlıqları və sair məsələlər müzakirə olunub.

Hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının nümayəndəsi Mahir Dərziyev deyib ki, təmsil etdiyi partiya hakimiyyətə gəldikdən sonra, ölkədə milli azlıqların problemləri istiqamətində mühüm işlər görülüb. Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar, ermənilər, ruslar və digər millətlərin nümayəndələri üçün bütün normal şərait yaradılıb. Milli azlıqların hüquqları konstitusiya ilə yüksək səviyyədə qorunur. Onların təhsil problemləri artıq öz həllini tapıb, bu gün milli azlıqların nümayəndələri öz ana dillərində də dərs keçirlər. Hakimiyyət mövcud olan bəzi problemlərin həlli istiqamətində də layihələr hazırlayıb və bu layihələr də icra olunur.

M.Dərziyev Gürcüstanda mövcud olan multikulturalizmin tarixindən danışıb, milli azlıqlar, icmalar və dini konfensiyalar arasında yüksək dialoqun inkişaf etdiyini bildirib.

Henrik Villedsen Gürcüstana ilk dəfə səfər etdiyini vurğulayıb və deyib ki, müşahidələri zamanı milli azlıqlar arasında heç bir diskriminasiyanın olmadığından məmnunluğunu ifadə edib və mövcud şəraiti yüksək qiymətləndirib.

M.Dərziyev “Report”un Gürcüstan bürosuna müsahibəsində deyib ki, görüşdə bəzi problemlərə də toxunulub: “Görüş çox məhsuldar keçdi. Biz çox mühüm məsələləri müzakirə etdik. Milli azlıqların yerli özünü idarəetmə orqanlarında daha çox təmsil olunmalarının, məscid və digər dini ibadət ocaqlarının tikintisi üçün icazələrin verilməsi qaydalarının sadələşdirilməsi, tarixi-mədəni abidələrin, məscidlərin aid olduqları milli azlıqlara qaytarılması qaydalarının asanlaşdşrılması, bilingival (iki dilli təhsil, məsələn Azərbaycan və gürcü dillərində təhsil) təhsilin inkişafı və s məsələlərin də həllinin vacibliyi görüşdə xüsusi qeyd olundu”.

Onun sözlərinə görə, Henrik Villadsen bilingival təhsilin inkişafına köməklik göstərəcəklərini, Ali Komissarlığın bu sahə ilə əlaqədar olan layihələri maliyyələşdirəcəyini bildirib.

44 filmi