Şəhid Şöhrət Həsənova həsr edilən "Bir şəkil" sənədli filminin təqdimatı olub
- 27 oktyabr, 2026
- 17:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Nizami Kino Mərkəzində şəhid Şöhrət Həsənova həsr edilən "Bir şəkil" sənədli filminin təqdimatı baş tutub.
"Report"un məlumatına görə, təqdimatda şəhidin yaxınları və qonaqlar iştirak ediblər.
Layihə rəhbəri Xuraman Osmanova, ideya müəllifi və rejisoru Nicat Cəlilov, Ssenari müəllifi isə Orxan Aslandır.
Filmdə bildirilib ki, Şöhrət Həsənov "Xocalının səsi" qəzetinin əsasını qoyaraq rayon blokadada olan zaman sakinlərin səsini dünyaya çatdırıb. Həmçinin onun Xocalıda həm qələmi ilə, həm də silahı ilə döyüşdüyü filmdə vurğulanıb.
Qeyd edək ki, Şöhrət Həsənov 23 dekabr 1944-cü ildə Xocalı rayonunda anadan olub. O, uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Xocalı soyqırımı baş verən zaman rayon icra hakimiyyətində işləyib.
Şöhrət Həsənov 1992-ci il fevralın 25-dən 26-a keçən gecə, Xocalı soyqırımı zamanı erməni silahlı birləşmələrinə qarşı döyüşüb, insanların xilas olması üçün kömək edib. O, döyüşlər zamanı ermənilər tərəfindən işgəncə ilə qətlə yetirilib. O, Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.
Şöhrət Həsənov "İgidliyə görə" medalı ilə təltif olunub.