Nazir müavini: Azad olunmuş ərazilərdə dövlət təbiət yasaqlıqlarının bərpa işləri davam etdirilir

Qarabağ
  • 30 oktyabr, 2026
  • 13:10
Nazir müavini: Azad olunmuş ərazilərdə dövlət təbiət yasaqlıqlarının bərpa işləri davam etdirilir

İşğaldan azad olunmuş ərazilərdə dövlət təbiət yasaqlıqlarının fəaliyyətinin bərpası istiqamətində işlər davam etdirilir.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Əlaqələndirmə Qərargahının şəhərdə keçirilən iclasındakı çıxışında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O, azad olunmuş ərazilərdə dövlət təbiət qoruqlarında müvafiq işlərin davam etdirildiyini vurğulayıb:

"İşğaldan azad olunmuş ərazilərdə Bəsitçay Dövlət Təbiət Qoruğunun, Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa edilib və Qaragöl Dövlət Təbiət Qoruğunun, həmçinin Qubadlı, Arazboyu və Laçın dövlət təbiət yasaqlıqlarının fəaliyyətinin bərpası istiqamətində işlər davam etdirilir".

V.Kərimov azad edilmiş ərazilərin zəngin ekosisteminin vəziyyətinə və təbii irsinə də toxunaraq bu sistemin beynəlxalq miqyasda təbliğinin vacibliyini vurğulayıb:

"Biomüxtəlifliyin bərpasını və qorunub saxlanılmasını, təbii sərvətlərdən dayanıqlı istifadənin təmin edilməsi ilə sosial-iqtisadi imkanların artırılmasını, habelə regionda ekoturizmin inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 oktyabr tarixli Sərəncamı ilə ümumi sahəsi 88 min 418 hektar (Ağdərə rayonu üzrə 44 min 773,79 hektar, Xocalı rayonu üzrə 24 min 597,80 hektar, Kəlbəcər rayonu üzrə 13 min 514,98 hektar, Şuşa rayonu üzrə 5 314,34 hektar, Laçın rayonu üzrə 217,09 hektar) olan Azərbaycan Respublikasının Qarabağ Milli Parkı yaradılıb. Həmçinin Şərqi Zəngəzur iqtisadi rayonunda da yeni Milli Parkın yaradılması ilə bağlı tədqiqat işlərinə və ərazinin xəritə-sxem layihəsinin hazırlamasına başlanılıb".