Emin Hüseynov: Xocavəndin 78,32%-i minalardan hələ də təmizlənməyib

Qarabağ
  • 27 oktyabr, 2026
  • 16:10
Emin Hüseynov: Xocavəndin 78,32%-i minalardan hələ də təmizlənməyib

Ağdamın 37,62, Füzulinin 18,42, Xocavəndin isə 78,32 %-i minalardan hələ də təmizlənməyib.

"Report" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyət mərkəzdə: SECURE ilə ortaq gələcəyə etibarlı yollar" adlı panel sessiyada deyib.

O, dəqiq mina xəritələrinin təqdim edilməməsinin minatəmizləmə prosesini çətinləşdirdiyini vurğulayıb.

E.Hüseynov onu da qeyd edib ki, indiyə kimi Ağdam, Füzuli və Xocavənd rayonlarına 16 minə yaxın sakin geri qayıdıb:

"Bu da o deməkdir ki, həmin ərazilərdə təxminən 4 min ailə yaşayır. Belə ki, ötən illər ərzində Ağdama 8062, Füzuliyə 3153, Xocavəndə isə 4704 nəfərin köçü baş tutub. Həmin ərazilərdə yaşamaq deyəndə təkcə mənzillər, parklar, məktəblər nəzərdə tutulmur. Biz azad olunmuş ərazilərdə həmçinin mədəni tədbirlər keçirir, sakinlərin işlə təmin olunması, torpağın abadlaşması üçün əlimizdən gələni edirik".