Rizvan Nəbiyev: Regionda sülhün qorunması üçün Ermənistan konstitusiyasını dəyişməlidir
- 23 oktyabr, 2026
- 11:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Qafqaz regionunda sülhün qorunması üçün Ermənistan konstitusiyasını dəyişməlidir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, regionda sülh kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır.
O qeyd edib ki, rəsmi Bakı bu sülhün fundamental hüquqi təminatlarla möhkəmləndirilməli olduğunu vurğulayır:
"Ermənistan öz konstitusiyasının preambulasında Azərbaycana qarşı yaradılmış ərazi iddialarını aradan qaldırmalı və sülh müqaviləsinin imzalanması üçün hüquqi bazanı təmin etməlidir. Ermənistan rəhbərliyi siyasi iradəni ortaya qoymalıdır. Sülhün imzalanma tarixinin uzanması hər hansı bir şəraitdə, hətta Ermənistanın özündə nəzarətdən çıxan hadisələrə yol aça bilər.
Sülh müqaviləsinin digər tərəfi dövlətlərarası münasibətlərin nizamlanmasını nəzərdə tutur. Dövlətlərarası münasibətlərin nizamlanması məhz sülh müqaviləsi imzalandıqdan sonra başlayır. Ratifikasiya olunmalı, müqavilədən sonra dövlətlərarası münasibətlərlə bağlı ilk addım diplomatik əlaqələrin qurulmasıdır ki, bunun üçün də hüquqi sənədin imzalanması vacib məsələdir".
R.Nəbiyev vurğulayıb ki, Azərbaycanda sülhün möhkəmləndirilməsi istiqamətində davamlı addımlar atılır:
"Qazaxıstanda Prezident İlham Əliyev Ermənistanla münasibətdə Azərbaycan ərazisindən keçən dəmir yolunun açıldığını bəyan etdi və ticarət maneələri aradan qaldırıldı.
Bu günlərdə çox mühüm başqa bir hadisə baş verdi: elektrik şəbəkəsinə məxsus şəxslər görüşdə bir araya gəldi. Elektrik-enerji məsələləri milli təhlükəsizliyin mühüm komponentidir. Əgər Ermənistana bu istiqamətdə etimad göstərilmək istənilirsə, onlar da ciddi addımlar atmalıdırlar.
"TRİPP"in ratifikasiyası ilə bağlı Ermənistan Parlamentində təqdimat oldu, Ermənistan Xarici İşlər Nazirinin müəyyən bəyanatları eşidildi, amma orada ratifikasiya ilə bağlı açıq məqamların olması narahatlıq doğurur".
Sülhə humanitar yanaşmadan danışan deputatın fikrincə, bu insanlararası münasibətlərin yaradılması və bəzi məqamlara aydınlıq gətirilməsini ehtiva edir:
"4010 Azərbaycan vətəndaşı itkin düşüb: 288-i qadındır, 71-i uşaq, 319-u ahıl şəxsdir.
Bakıda Dövlət Komissiyası böyük bir konfrans keçirdi (hətta "Euronews" səviyyəsində işıqlandırıldı). Bu insanların taleyinə aydınlıq gəlməsi üçün Ermənistan müəyyən addımlar atmalıdır.
Strateji tərəfdaşlıqlar baxımından tərəfdaşlarımız da gözləyir ki, regionda davamlı sülhün sabitliyi bərqərar olsun və Ermənistan nəhayət öz üzərinə düşən öhdəlikləri yerinə yetirsin".