Deputat: Yeni fərman ölkənin səhiyyə sistemində mühüm institusional dəyişikliklərin əsasını qoyur

Milli Məclis
  • 19 oktyabr, 2026
  • 16:39
Deputat: Yeni fərman ölkənin səhiyyə sistemində mühüm institusional dəyişikliklərin əsasını qoyur

Prezident İlham Əliyevin səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı yeni fərman ölkənin səhiyyə sistemində mühüm institusional dəyişikliklərin əsasını qoyur.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

O bildirib ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi yalnız inzibati strukturun yenilənməsi deyil, səhiyyə siyasətinin formalaşdırılması, tibbi xidmətlərin təşkili, idarəetmə məsuliyyəti və keyfiyyətə nəzarət mexanizmlərinin yenidən əlaqələndirilməsi baxımından əhəmiyyətli qərardır:

"Bu qərarın mahiyyətini düzgün qiymətləndirmək üçün Azərbaycan səhiyyəsinin son illərdə keçdiyi inkişaf yoluna, mövcud idarəetmə modelinin xüsusiyyətlərinə və qarşıdakı mərhələnin prioritetlərinə kompleks yanaşmaq lazımdır".

Müşfiq Məmmədli
Deputatın sözlərinə görə, son illərdə Azərbaycanda səhiyyə sisteminin modernləşdirilməsi, icbari tibbi sığortanın tətbiqi, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və tibbi xidmətlərin əhali üçün əlçatanlığının artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib:

"İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi səhiyyə xidmətlərinin maliyyələşdirilməsində yeni mexanizmlər formalaşdırıb. TƏBİB-in yaradılması isə dövlət tibb müəssisələrinin vahid idarəetmə prinsipləri əsasında fəaliyyət göstərməsinə imkan verən institusional modelin əsasını qoyub".

M.Məmmədli xatırladıb ki, 2018-ci ildə yaradılan TƏBİB-in əsas vəzifəsi tabeliyində olan dövlət tibb müəssisələrinin fəaliyyətinin təşkili, idarə edilməsi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi olub:

"Lakin səhiyyə sistemi inkişaf etdikcə onun idarə olunması qarşısında yeni tələblər meydana çıxır. Tibbi xidmətlərin maliyyələşdirilməsi, kadr siyasəti, regional səhiyyə infrastrukturu, xəstəxanaların idarə olunması və tibbi xidmətlərin keyfiyyətinə nəzarət arasında daha sıx əlaqələndirmə zərurəti yaranır. Bu baxımdan, yeni Fərman səhiyyə idarəçiliyində növbəti institusional mərhələyə keçid kimi təhlil oluna bilər. Əsas məsələ yalnız idarəetmə strukturunun dəyişməsi deyil, bu dəyişiklik nəticəsində səhiyyə sisteminin daha çevik, şəffaf, məsuliyyətli və vətəndaşın ehtiyaclarına həssas fəaliyyət göstərməsidir".

Məlumat üçün qeyd edək ki, bu gün Prezident İlham Əliyevin Fərmanı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

Həmçinin dövlət başçısının Sərəncamı ilə səhiyyə naziri Teymur Musayev vəzifəsindən azad edilərək Baş nazirin müavini təyinatını alıb.

Prezidentin digər Sərəncamları ilə TƏBİB-in icraçı direktoru Anar Bayramov vəzifəsindən azad edilərək səhiyyə naziri təyin edilib.

44 filmi