Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
- 17 oktyabr, 2026
- 21:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Füzuli şəhərində 17 Oktyabr – Füzuli Şəhəri Günü münasibətilə silsilə tədbirlər təşkil olunub.
Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şəhərin Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin həyətində təsviri sənət üzrə ustad dərsləri keçirilib.
Tədbir Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Ustad dərslərində Füzuli şəhər məktəbliləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin müəllimləri Ziyafət Aslanlı və Rahim İbrahimovun rəhbərliyi ilə rəsm bacarıqlarını nümayiş etdiriblər.
Tədbirin sonunda Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov və rayon ictimaiyyətinin nümayəndələri uşaqların əl işləri ilə tanış olublar.
Bununla yanaşı, şəhər Günü münasibətilə geniş konsert proqramı təşkil olunub.
Konsert proqramında Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, ansamblın instrumental musiqi heyəti və "Qaya" qrupu çıxış edib.
Konsert Üzeyir Hacıbəylinin "Cəngi" əsəri ilə başlayıb. Ardınca Əli Səliminin "Sizə salam gətirmişəm", Azərbaycan xalq mahnısı "Ay qız, amandır", Rübail Əzimovun "Füzuli", Emin Sabitoğlunun "Gözəldir" və "Ağ çiçəyim", Oqtay Kazıminin "Qaytar eşqimi", Arif Səlimovun "Azərbaycan", Azad Zahidin "Qələbəyə gedən yollar" əsərləri səsləndirilib.
Həmçinin Mikayıl Vəkilovun "Ey Azərbaycanım", Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "İthaf", Tərlan Məmmədhüseynovun "Vətən", Azərbaycan xalq mahnısı "Laçın", Vasif Adıgözəlovun "Mən gəzirəm hər yanı" və "Qarabağ şikəstəsi" zərbi muğamı ifa olunub. Azərbaycan xalq rəqslərindən "Uzundərə", "Naz eləmə" və "Yallı" rəqs ansamblının ifasında nümayiş etdirilib.
Konsertdə Əməkdar artist Nizami Abdullayev, Könül Tağıyeva, Səbinə Ərəbli, Səma Sultanova, Orxan Əlizadə, Yaqut Xəlilzadə, Ağabala Abdullayev, Leyla İbrahimova, Pərviz Fərhadov, Xədicə İsmixanova və Ramiq Bayramov çıxış ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Həmin sərəncama əsasən, 17 oktyabr Füzuli Şəhəri Günü kimi qeyd olunur.