"Xalq Bank"ın xalis mənfəəti 2 dəfə azalıb

Maliyyə
  • 15 oktyabr, 2026
  • 17:35
Xalq Bankın xalis mənfəəti 2 dəfə azalıb

"Xalq Bank" ASC bu ilin yanvar-sentyabr aylarını 24,073 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53,3 % və yaxud 2,1 azdır.

9 ayda "Xalq Bank"ın əməliyyat gəlirləri 184,366 milyon manat (1 il əvvələ nisbətən 10 % az), əməliyyat xərcləri 151,111 milyon manat (4,4 % çox), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti 1,385 milyon manat (3,8 dəfə az), mənfəət vergisi ödəmələri isə 10,566 milyon manat (23,6 % az) təşkil edib.

Bu il oktyabrın 1-nə "Xalq Bank"ın aktivləri 2 827,867 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 22,1 % azdır. Bunun 1 869,780 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 5,2 % böyüyüb.

Hesabat dövründə "Xalq Bank"ın öhdəlikləri 26 % azalaraq 2 291,783 milyon manata, o cümlədən depozit portfeli 13,2 % azalaraq 1 598,455 milyon manata düşüb, balans kapitalı isə 0,4 % artaraq 536,084 milyon manata, o cümlədən nizamnamə kapitalı 6,8 % artaraq 477,094 milyon manata çatıb.

Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Bankın səhmlərinin 50 %-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 16,15 %-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.