Vüqar Gülməmmədov: "Azərbaycan və Türkiyə paralel audit üzrə əməkdaşlığı genişləndirəcək"

Maliyyə
  • 06 iyul, 2026
  • 13:37
Vüqar Gülməmmədov:  Azərbaycan və Türkiyə paralel audit üzrə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Türkiyənin ali audit orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən dövlət auditinin rəqəmsallaşdırılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Şamaxıda Türkiyə Hesablama Məhkəməsinin sədri Metin Yener ilə görüşü zamanı bildirib.

V.Gülməmmədov Metin Yeneri Türkiyə Hesablama Məhkəməsinin sədri vəzifəsinə növbəti müddətə seçilməsi münasibətilə təbrik edib. O qeyd edib ki, iki ali audit orqanı arasında əməkdaşlıq uğurla inkişaf edir və indiyədək həyata keçirilən birgə fəaliyyətlər gələcəkdə də davam etdiriləcək. Onun sözlərinə görə, əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində yeni təşəbbüslər də dəstəklənəcək.

Görüş çərçivəsində Azərbaycan Hesablama Palatası və Türkiyə Hesablama Məhkəməsi tərəfindən Preferensial Ticarət Sazişi və ali təhsil müəssisələri üzrə aparılmış paralel auditlərin nəticələri təqdim olunub. Auditlər zamanı ticarət və ali təhsil sahələrində müəyyən edilmiş nəticələr, eləcə də irəli sürülən tövsiyələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, paralel auditlər Azərbaycan Hesablama Palatası ilə Türkiyə Hesablama Məhkəməsi arasında 2022-ci ildə yenilənmiş Anlaşma Memorandumu çərçivəsində həyata keçirilib.

44 filmi