Nazirlik rəsmisi: "Bəzi müqavilələr cəmi 10 saat ərzində imzalanır"

Maliyyə
  • 22 oktyabr, 2026
  • 10:52
Nazirlik rəsmisi: Bəzi müqavilələr cəmi 10 saat ərzində imzalanır

Azərbaycanda bəzi müqavilələr cəmi 10 saat ərzində imzalanır.

"Report" xəbər verir ki, bunu Maliyyə Nazirliyinin Aparatının Müasir Texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

"Rəqəmsal dövlət maliyyəsi" İnformasiya Sistemi büdcənin tərtibindən mühasibat uçotuna, büdcənin icrasından elektron müqavilələrin imzalanmasına, elektron təhvil-təslim aktlarının rəsmiləşdirilməsindən nəzarət proseslərinə qədər bütün mərhələləri vahid şəbəkə altında birləşdirir. Gələcək planlarımız da bu sistemin inkişafı üzərində qurulub. Bu il ərzində gördüyümüz işlər yalnız kağız üzərində həyata keçirilən proseslərin rəqəmsallaşdırılması ilə məhdudlaşmır. Eyni zamanda, benefisiar qurumlarımızın, istər dövlət təşkilatları, istərsə də müəssisələr olsun, məlumatlara çıxış imkanlarının artırılmasına və daha səmərəli qərarların qəbul edilməsi üçün zəruri şəraitin yaradılmasına yönəlib.

Məsələn, bu gün elektron müqavilələrə nəzər saldıqda görürük ki, bəzi müqavilələr cəmi 10 saat ərzində imzalanır. Halbuki əvvəllər bu proses daha uzun müddət tələb edirdi. Artıq təhvil-təslim aktlarının elektron qaydada imzalanması prosesi də sentyabr ayından etibarən aktiv mərhələyə keçib. Bu, bütün proseslərin vahid çətir altında idarə olunmasına imkan yaradır. Eyni zamanda, büdcənin tərtibinin elektronlaşdırılması istiqamətində görülən işlər və xəzinədarlıq sahəsində aparılan rəqəmsallaşma ödəniş əməliyyatlarının sürətlənməsinə gətirib çıxaracaq. Bu dəyişikliklərin müsbət nəticələrini artıq görmək mümkündür, - deyə o qeyd edib.

Bundan başqa, nazirlik rəsmisi deyib ki, elektron müqavilə sisteminin tətbiqi çərçivəsində artıq dövlət qurumları ilə inteqrasiyalar həyata keçirirlir: "Bunlara İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Vergi Xidməti daxildir. Bu qurumların informasiya sistemləri ilə elektron formada inteqrasiya aparılır. Bunun nəticəsində, xüsusilə elektron mühasibatlıq sisteminin tətbiqi ilə vəsaitlərin idarə edilməsində böyük nailiyyətlər əldə edirik. Müqavilə əsasında imzalanan, təhvil alınan mallar barədə məlumatların elektron mühasibatlıq sistemində mütləq əks olunması, nəticədə ödənişlərin sistemlər arasında əlavə keçidlərə ehtiyac qalmadan vahid sistem üzərindən həyata keçirilməsi qurumlar üçün həm vaxta qənaət, həm də səmərəlilik baxımından böyük imkanlar yaradacaq".

"Elektron mühasibatlığın əhəmiyyəti yalnız Maliyyə Nazirliyinin fəaliyyət sahəsi ilə məhdudlaşmır. Bu, dövlət büdcəsindən maliyyələşən təşkilatların və digər dövlət qurumlarının daxili idarəetmə proseslərinin daha rahat həyata keçirilməsinə xidmət edir. Bu baxımdan, elektron mühasibatlıq sistemi xüsusi rol oynayır. Nəticədə, bütün alt sistemlər mərhələli şəkildə fəaliyyətə başladıqca dövlət vəsaitlərinin səmərəli idarə olunması təmin ediləcək. Büdcənin tərtibindən vəsaitlərin tam xərclənməsinə, eləcə də nəzarət mexanizmlərinin həyata keçirilməsinə qədər bütün proseslərin vahid sistem çərçivəsində təmin olunması mümkün olacaq", - deyə N.Soltanov əlavə edib.

44 filmi