Mikayıl Cabbarov: "İsDB ilə əməkdaşlıq Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışını genişləndirir"

Maliyyə
  • 17 iyun, 2026
  • 15:05
Mikayıl Cabbarov: İsDB ilə əməkdaşlıq Azərbaycan şirkətlərinin beynəlxalq bazarlara çıxışını genişləndirir

İslam İnkişaf Bankı (İsDB) Azərbaycan iqtisadiyyatının özəl sektor əsaslı modelə keçidində və yerli şirkətlərin beynəlxalq standartlara uyğunlaşmasında mühüm rol oynayır.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bankın 51-ci İllik Toplantıları çərçivəsində "Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq" mövzusunda Müdirlər Şurasının sədri ilə dialoq sessiyasında deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının inkişafı dövlətin dominant rol oynadığı modeldən özəl sektorun aparıcı mövqeyə malik olduğu iqtisadi sistemə keçidi təmin edib və bu baxımdan İsDB ilə əməkdaşlıq təbii uyğunluq təşkil edir: "Bu gün imzalanan sazişlər maliyyə xidmətlərindən tutmuş yeni iqtisadiyyat və dördüncü sənaye inqilabı ilə bağlı istiqamətlərə qədər geniş sahələri əhatə edir. İsDB-nin təqdim etdiyi maliyyə alətləri Azərbaycan şirkətlərinin xarici bazarlara çıxış imkanlarını genişləndirir və üzv ölkələr arasında ticarət-iqtisadi əlaqələrin güclənməsinə töhfə verir. Biz məsələyə yalnız ümumi daxili məhsul baxımından deyil, həm də milli gəlirin artırılması prizmasından yanaşırıq. Bu, Azərbaycan şirkətləri üçün mühüm üstünlüklər yaradır".

O qeyd edib ki, İsDB-nin müxtəlif institutları ilə əməkdaşlıq xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə kömək edir: "Müasir dövrdə korporativ savadlılıq anlayışı rəqəmsallaşma, innovasiyalara uyğunlaşma və regional, hətta qlobal səviyyədə fəaliyyət göstərmək bacarığını da əhatə edir. Bu keçid mərhələsi yalnız ölkələr və iqtisadiyyatlar üçün deyil, şirkətlərin özləri üçün də vacibdir. İSDB bu yolda biznes üçün mühüm tərəfdaşlardan biridir".