Maliyyə naziri: "Məcmu valyuta ehtiyatlarının səviyyəsi makroiqtisadi sabitliyin mühüm təminatıdır"

Maliyyə
  • 12 iyun, 2026
  • 12:11
Maliyyə naziri: Məcmu valyuta ehtiyatlarının səviyyəsi makroiqtisadi sabitliyin mühüm təminatıdır
Sahil Babayev

2025-ci ilin sonuna Azərbaycanın məcmu valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib, xarici dövlət borcunu 17,7 dəfə üstələyib, illik ÜDM-in isə 112,1 %-nə bərabər olub.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdən biridir. Belə yüksək ehtiyat səviyyəsi makroiqtisadi sabitliyin, milli valyutanın dayanıqlılığının və ölkənin xarici maliyyə öhdəliklərini yerinə yetirmək qabiliyyətinin mühüm təminatıdır", - deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, ötən il Azərbaycanda ÜDM-in dəyəri real ifadədə 1,4 % artıb və 129,1 milyard manat təşkil edib, adambaşına düşən ÜDM-in dəyəri isə 12,6 min manat olub.

"İqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun dinamik inkişafı nəticəsində, 2025-ci ildə qeyri-neft sektorunda 2,7 % real artım əldə olunub, ÜDM-in 72 %-i və yaxud 92,3 milyard manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da 2024-cü illə müqayisədə mütləq ifadədə 6,1 milyard manat çoxdur. Qeyri-neft ixracı 8,1 % artaraq 3,6 milyard dollara çatıb. Profositli tədiyə balansı, monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi nəticəsində məzənnə sabitliyi qorunub. 2025-ci ilin dekabr ayında illik inflyasiya 5,2 %, orta illik inflyasiya isə 5,6 % təşkil etməklə hədəf diapazonunda qalıb", - deyə S.Babayev qeyd edib.

Onun sözlərinə görə, hesabat ilində əhalinin adambaşına düşən nominal gəlirləri 7,6 %, orta aylıq nominal əməkhaqqı 9,3 % artıb və bu göstəricilər inflyasiya səviyyəsini xeyli üstələyib ki, bu da ölkədə sosial rifahın yaxşılaşdığını təsdiq edir.

S.Babayev 2025-ci ildə "Azəri light" markalı xam neftin bir barelinin dünya bazarlarındakı satış qiymətinin orta hesabla 71 ABŞ dolları səviyyəsində qərarlaşdığını, büdcədə nəzərdə tutulmuş qiymət göstəricisi ilə müqayisədə 1,4 % artım olduğunu qeyd edib.