IsDB Qrupu İslam maliyyəsi bazarının yalnız 0,1 %-ni təşkil edir, lakin onun lideri olaraq qalır
- 17 iyun, 2026
- 09:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon ABŞ dolları qiymətləndirilir.
"Report" xəbər verir ki, bunu İslam İnkişaf Bankı (IsDB) İnstitutunun baş direktorunun vəzifələrini icra edən Sami Əl-Suvaylem IsDB Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində baş tutan İslam maliyyələşdirilməsi üzrə IsDB-nin 20-ci Qlobal Forumunda deyib.
O, müqayisə üçün qeyd edib ki, IsDB Qrupunun aktivləri təqribən 40 milyard ABŞ dolları təşkil edir.
"Miqyas baxımından qrup qlobal İslam maliyyə sənayesinin yalnız təqribən 0,1 %-ni tutur. Lakin onun təsiri bu göstəriciləri əhəmiyyətli dərəcədə üstələyir. IsDB Qrupu yarandığı gündən etibarən sahənin liderlərindən biri olub və belə də qalır. Bu, liderliyin ölçü ilə deyil, keyfiyyətlə müəyyən edildiyini göstərir", - S.Əl-Suvaylem qeyd edib.
O vurğulayıb ki, uğurun əsas amilləri bankın irimiqyaslı proqramlarının əsasında dayanan baxış, dəyərlər və prinsiplərdir: "Məhz buna görə missiyamızın yerinə yetirilməsi üçün innovasiyalar həlledici əhəmiyyət kəsb edir. İslam İnkişaf Bankı İnstitutunda biz onları əsas prioritetlər sırasına aid edirik. İllik hesabatımız, sərgi stendimizin materialları və bugünkü forumun proqramından göründüyü kimi mütəxəssislərimiz daim maraqlı tərəflərlə qarşılıqlı əlaqədə olur və İslam maliyyələşdirilməsi alətlərindən istifadə edərək iştirakçı ölkələrin üzləşdiyi iqtisadi problemlərə innovativ həll yolları axtarırlar".