ING Azərbaycanda 2027-ci il üçün inflyasiya proqnozunu aşağı salıb
- 22 oktyabr, 2026
- 15:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda orta illik inflyasiyanı 2026-cı ildə 5,7 %, 2027-ci ildə 5,4 % və 2028-ci ildə 5,3 % səviyyəsində proqnozlaşdırır.
"Report" ING-yə istinadən xəbər verir ki, 2026 və 2028-ci illər üçün göstəricilər əvvəlki səviyyədə saxlanıldığı halda, 2027-ci il üçün inflyasiya proqnozu daha əvvəl dərc edilmiş qiymətləndirmə ilə müqayisədə 0,2 faiz bənd aşağı istiqamətdə yenidən nəzərdən keçirilib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yekunlarına əsasən ölkədə orta illik inflyasiya 5,6 % səviyyəsində qeydə alınıb. Amma 2024-cü ildə bu göstərici 2,2 % təşkil edib. 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə orta illik inflyasiya 5,7 % səviyyəsinə çatıb.
Bankın analitikləri hesab edirlər ki, 2026-cı ilin III rübündə orta illik inflyasiya 5,4 % (əvvəlki qiymətləndirmə 5,7 % təşkil edib), IV rübdə isə 5,8 % (daha əvvəl 5,4 % proqnozlaşdırılıb) səviyyəsində olacaq. Bundan əlavə, 2027-ci ilin I rübündə inflyasiyanın 5,9 %, II rübdə - 5,3 %, III rübdə - 5,3 %, IV rübdə isə - 5,4 % səviyyəsində olacağı gözlənilir.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, Azərbaycanda orta illik inflyasiya 2026-cı ildə 5,7 %, 2027-ci ildə isə 5,3 % səviyyəsində proqnozlaşdırılır. Azərbaycan Mərkəzi Bankı (iyul proqnozuna əsasən) inflyasiya göstəricisinin 2026-cı ildə 6,1 %, 2027-ci ildə isə 5,8 % olacağını gözləyir.