Hesablama Palatası performans auditi əsasında dövlət sektorunda boşluqları müəyyən edib

Maliyyə
  • 22 oktyabr, 2026
  • 12:24
Hesablama Palatası performans auditi əsasında dövlət sektorunda boşluqları müəyyən edib

Hesablama Palatası 34 performans auditi əsasında dövlət sektorundakı boşluqları müəyyən edib.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının Səmərəlilik auditi şöbəsinin müdiri Zaur Vəliyev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

Onun sözlərinə görə, performans auditi çox vaxt nəticə əsaslı büdcə və strateji planlaşdırma məntiqindən irəli gəlir: "Məsələn, biz KPI sistemindən və rəqəmsallaşmadan danışırıq. Lakin bunların təməlində mütləq dövlət sektorunda strateji planlaşdırma institutunun yaradılması dayanmalıdır. Apardığımız auditlər də göstərir ki, hazırda dövlət sektorunda bu istiqamətdə bir sıra boşluqlar var və strateji planlaşdırma institutu daha çevik müstəviyə keçməlidir.

Burada əsas prinsipial məqam ondan ibarətdir ki, strateji planlaşdırma KPI sisteminin əsasını təşkil edir. Strateji planlaşdırma, əməliyyat planları, monitorinq və qiymətləndirmə sistemi vahid zəncirin tərkib hissələri kimi bir-birini tamamlamalıdır. Artıq 34 performans auditi aparmışıq və bu auditlərin nəticələri bizə deməyə əsas verir ki, cəmiyyətdə, xüsusilə də büdcə sektorunda performans yanaşmasını mənimsəməklə bağlı müəyyən psixoloji baryer mövcuddur. Hesab edirik ki, zaman keçdikcə bu baryeri aşmaq mümkün olacaq".

Z.Vəliyev qeyd edib ki, dövlət vəsaitləri və maliyyə resurslarının səmərəliliyi, qənaətlə istifadəsi və nəticəliliyi məsələlərini dövlət maliyyəsinin idarə edilməsində iki əsas institut tənzimləyir: "Ali audit orqanı çoxsaylı sənədlərdə "səmərəlilik auditi" ifadəsindən istifadə edir. Cəmiyyətdə müəyyən psixoloji baryer olduğu üçün hələlik bu termini işlədirik. Əslində, ingilis dilindəki performans audit anlayışı daha çox "fəaliyyət auditi" kimi tərcümə olunur. Səmərəlilik, qənaət və nəticəlilik bu auditin komponentləridir. İcra strukturlarında isə bunların təmin olunmasına performans büdcə vasitəsilə nail olunur".

O əlavə edib ki, performans auditin məqsədi isə dövlət idarəetmə sistemini təkmilləşdirməkdir: "Yəni audit apardığımız zaman ilk növbədə idarəetmə fəaliyyətinə baxır, daha sonra hər bir fəaliyyət istiqamətini qiymətləndiririk.

Bunun metodoloji bazası INTOSAI təşkilatının audit standartlarına əsaslanır. Bu standartlar yalnız ali audit orqanları üçün nəzərdə tutulub".

44 filmi