Azərbaycandakı qızıl hasilatçısı dövlət bankından 55 milyon manat kredit alıb

Maliyyə
  • 09 mart, 2023
  • 08:50
Azərbaycandakı qızıl hasilatçısı dövlət bankından 55 milyon manat kredit alıb

Azərbaycanda fəaliyyət göstərən Böyük Britaniyanın qızıl, mis və gümüş istehsalçısı olan “Anglo Asian Mining plc” şirkəti "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə 55 milyon manat (32,3 milyon ABŞ dolları) məbləğində kredit xəttinin açılmasına dair müqavilə imzalayıb.

Bu barədə “Report” şirkətə istinadən xəbər verir.

Məlumata görə, “Anglo Asian Mining”in fəaliyyət göstərən törəmə şirkəti - Azərbaycan Beynəlxalq Mədən Şirkəti (AIMC) vasitəsilə 7 illik bərpa olunan kredit xətti açılıb. Bu, şirkətin genişlənmə planları üçün həm əlavə maliyyə, həm də əməliyyat çevikliyi təmin edəcək.

Müqavilə “Anglo Asian Mining” şirkətinin orta müddətli inkişaf planlarının hazırlanmasında daha bir mühüm addımdır. Bu, şirkətin orta səviyyəli mis mədən şirkətinə çevrilməsi ilə nəticələnəcək. Həmin planlar bu ayın sonunda dərc olunacaq və ictimaiyyətə açıqlanacaq.

Müqavilə şərtlərinə əsasən, 31 dekabr 2023-cü il tarixinə qədər manat üzrə illik faiz dərəcəsi 10-12 %, ABŞ dolları üzrə illik faiz dərəcəsi isə 5,5-7 % olacaq.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

44 filmi